Məhkəmə qərarları › İş №3(050)-432/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-432/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-432/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-598/2024 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(050)-1104/2020 saylı qətnaməsi ilə 13 sentyabr 2008-ci ildə anadan olmuş X5 və 25 dekabr 2010-eu ildə anadan olmuş X1 üçün müəyyən edilmiş hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunmaqla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən tam olaraq yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-598/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırda icra sənədi üzrə borclunun 12730 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-598/2024 saylı icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə borcundan 2500 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə 12730 manat ödənilməmiş aliment borcu yaranmışdır. Heç bir yerdə işləmədiyindən hazırda 12730 manat məbləğində aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Lakin, ona dörd ay müddətində vaxt veriləcəyi təqdirdə aliment borcunu tam şəkildə ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, borclu indiyədək icra sənədi üzrə borcunu ödəniş etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. 2020-ci ildən bu günə kimi icra sənədi üzrə borcundan cəmi 650 manat ödəniş etmişdir. Lakin, borclunun hazırda icra sənədi üzrə 12730 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bu səbəbdən borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu borc məbləğini ya tam şəkildə ödəsin, ya da ödəmədiyi təqdirdə barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülsün. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-598/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Borclu 4 ay ona vaxt veriləcəyi halda icra sənədini icra edəcəyini bildirsə də, 4 ay ərzində onun alimenti ödəməsi üçün gələcəkdə lazım olan pul vəsaitini əldə edəcəyi ilə bağlı real imkanının olmasını sübut edə bilməmişdir. Yaranmış vəziyyət borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hazırda yol verdiyi əməldən peşman olmamasını, əməlini yüngülləşdirən halların olmamasını əsas götürərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün hədləri daxilində tənbeh təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 19 fevral 2025-ci il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Nəciyev X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar