Məhkəmə qərarları › İş №3(050)-458/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-458/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-458/2024 04.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndinin ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında göstərdi ki, “Tula” markalı, 16 kalibrli ov tüfəngi vardır, həmin tüfəng mərhum babasından ona qalmışdır. Uzun müddətdir ki, özü ilə gəzdirir, həmin tüfəngin rəsmi sənədləri yoxdur. Əvvəllər bir neçə dəfə də həmkəndliləri Salam, Toğrul və Fikrətlə birgə Masallı rayonu, Xırmandalı kəndinə gedib ov etmişdir. Onun ov etmək üçün ov bileti və rəsmi lisneziyası da yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində həmkəndliləri Salam, Toğrul və Fikrətlə birgə Salamın “VAZ 2106” markalı avtomobili ilə Masallı rayonu, Xırmandalı kəndinə gəlmişdilər ki, burada dənizin kənarında ov quşlarını ovlasınlar. Onların hər birinin üzərində ov ləvazimatları və tüfəngi olmuşdur. O, həmkəndlilərinin ov tüfənginin və ova icazəsinin olub-olmadığını bilməmişdir. O, həmin tarixdə, saat 20 radələrinədək bir ədəd gərəf adlanan çöl quşu ovlamış, həmkəndliləri də bir neçə ov quşu ovlamışlar. Onlar ovdan qayıtmaq istədikdə polis əməkdaşları hadisə yerində onlara yaxınlaşıb ov üçün rəsmi lisenziyalarının olub-olmadığını soruşmuş, onlar polislərə ov üçün lisenziyalarının olmadığını bildirmişdilər. Daha sonra üzərində olan ləvazimatlarla və ov tüfəngləri birgə Masallı RPŞ-ya dəvət olunmuş, hər biri ayrı-ayrılıqda ovladığı quşları, tüfəngləri və digər ləvazimatları təqdim etmiş və baxış keçirilmişdir. Etdiyi əməldən peşmandır. Ov etmək üçün xüsusi lisenziyası, ov bileti və üzərində gəzdirdiyi ov tüfənginin rəsmi icazəsi yoxdur. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibat xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndinin ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsiin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə Şəxs 2 azyaşlı uşağının olmasını məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ondan götürülmüş 16 kalibirli, “Tula” markalı, 144386 nömrəli, qoşa üləli ov silahı, 56 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd çib bıçağı, 1 ədəd əl fanarı, 5 ədəd ördək maketi və 1 ədəd gərəf tipli ov quşu dövlət nəfinə müsadirə edilməklə onun 1000 (bir min) manat məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 16 kalibirli, “Tula” markalı, 144386 nömrəli, qoşalüləli ov silahı, 56 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd çib bıçağı, 1 ədəd əl fanarı, 5 ədəd ördək maketi və 1 ədəd gərəf tipli ov quşu dövlət nəfinə müsadirə edilməklə 1000 manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Cəlilabad Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar