Məhkəmə qərarları › İş №3(050)-459/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-459/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-459/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Eynalov Babək Eynal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 14 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən Şəxs 16 fevral 2025-ci il tarixdə, saat 22:24-də “X7” yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmış tibbi müayinədən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 16 fevral 2025-ci il tarixdə, saat 00:00 radələrində “X7” yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı şəhəri, M.Talışxanov küçəsində yeznəsinin evinin qabağında avtomobilini saxlamışdır. Avtomobildən enib yaxın qohumları ilə söhbət etmişdir. Onlardan ayrılaraq təkrar avtomaşına minmiş və avtomobili ilə evinə döndüyü yerdə arxadan polis maşını görmüşdür. Lakin xidməti işıqları sönlü vəziyyətdə olmuşdur. Əməkdaşın biri maşından enərək ona yaxınlaşıb sənədlərini yoxlamağa başlamışdır. Sonradan polis əməkdaşı onda şübhəli nəsə olduğunu bildirərək onu xidməti maşına dəvət etmiş və sonradan Polis şöbəsinə aparmışlar. Polis şöbəsinin həyətində alkotester müayinəsindən keçməyi tələb etmişlər, lakin həmin vaxt vəziyyətdən şübhə etdiyindən imtina etmişdir. Düşünmüşdür ki, ona qarşı nəsə qərəzli bir hərəkət edə bilərlər, bu səbəbdən razı olmamışdır. Həmçinin tanışlardan eşitmişdir ki, alkotesterdən keçənlərə yanlış nəticəni verirlər. Ona görə də, həkim müayinəsindən keçməyi tələb etmiş və onu Lənkəran Narkoloji xəstəxanasına aparmışlar. Polis əməkdaşları ona hədə-qorxu gələrək həkimin yanına salmışlar. Sonradan həkimin adını soruşmuş, əgər barəsində yanlış bir nəticə çıxmış olsaydı ondan şikayət edəcəkdir. Lakin həkim özünü təqdim etməmişdir. Buna baxmayaraq heç bir əsas olmadan barəsində protokol tərtib edilmişdir. Ondan protokola imza etməyini istəsələr də, o, razı olmamışdır. Sonra onun mobil telefonuna 343-1.1-ci maddəsi ilə 600 manat cərimə olunması barədə sms bildiriş gəlmişdir. Lakin o, heç vaxt narkotik vasitədən istifadə etmədiyi üçün sonradan “Referans” özəl xəstəxanasında qan analizindən keçmiş və nəticədə onda hər-hansı şübhəli maddələr aşkar olunmamışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Suallara cavab olaraq bildirmişdir ki, Masallı rayon Polis şöbəsində və Lənkəran Narkoloji xəstəxanasında sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmış tibbi müayinədən imtina etsə də, bunun üçün səbəblər olmuşdur. Hadisə vaxtı qardaşı 102 xidmətinə zəng etmiş, müraciət etdiyi üçün o, da şöbəyə gəlmiş, qardaşı orta təhsilli olduğundan onun avtomobilini təhvil alması barədə iltizam yazmışdır. Lakin onun avtomobilini polis əməkdaşları polis şöbəsinə gətirməmişlər. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 343.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 16 fevral 2025-ci il tarixli 000227 saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün alkotesterdən imtina etmişdir. - AE serailı 431096 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” sürücülük kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. - 16 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, X3, Şəxs məxsus “X7” yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı ünvana aparacağı barədə söz vermişdir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Cavanşir Cavadov 16 fevral 2025-ci il tarixdə maşını təhvil almışdır. - Lənkəran Narkoloji xəstəxanasının 14 mart 2025-ci il tarixli, 416 nömrəli məktubundan görünür ki, Lənkəran Narkoloji xəstəxanasının feldşer-narkoloqu X6 15 fevral 2025-ci il tarixi saat 21-00-dan 16 fevral 2025-ci il 09-00-dək xəstəxanada iş növbəsində olmuşdur. - Sms məlumatında görünür ki, Şəxs İXP ******* nömrəli, 16 fevral 2025-cil tarixli protokola əsasən 600 manat cərimə edilməsi barədə məlumat göndərilmişdir. - Masallı rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən imzalanmış arayışdan görünür ki, 16 fevral 2025-ci il tarixdə Masallı rayon, Türkoba kənd sakini Şəxs Masallı şəhəri, M.Talışxanov küçəsində X7 yük markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Masallı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü özünü sərxoşluqda şübhəli apardığı üçün həkim müayinəsinə dəvət edilmişdir. Sürücü müayinə zamanı özünü aqresiv apararaq müayinədən imtina etmişdir. Bununla bağlı sürücüyə tibii müayinədən imtina etməsi ilə bağlı müayinə aktı verilmişdir. Sürücü müayinədən imtina etdiyi üçün barəsində AR İXMnin 343.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin inzibati protokol BDYPİ-nin MİS-ə işlənilən zaman texniki səhv ucbatından İXM-nin 343.1-ci maddəsi əvəzinə 343-1.1-ci maddəsi qeyd edilmişdir. Hal-hazırda texniki səhv aradan qaldırılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməyərək ifadəsində istinad etdiyi dəlillərini DVD diskdə olan görüntülərə və iş materiallarına əsasən həqiqətə uyğun olmayan və inzibati məsuliyyətdən boyun qaçırması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, DVD diskdə olan görüntülərə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Masallı rayon Polis şöbəsinin həyətində yol-patrul xidməti əməkdaşı Şəxs alkotester müayinəsindən keçməsini tələb etməsinə baxmayaraq tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan başqa Lənkəran Narkoloji xəstəxanasında da, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmış tibbi müayinədən imtina etmişdir. Şəxs polis əməkdaşlarının ona hədə-qorxu gələrək həkimin yanına saldıqlarını və həkim özünü təqdim etmədiyini bildirsə də, DVD diskdə olan görüntüdən görünür ki, həkim özünü təqdim edərək X6 olduğunu bildirir, eyni zamanda yol-patrul xidməti əməkdaşı tərəfindən onun elektron məlumatları bort komputer vasitəsi ilə Şəxs göstərilir, o, şəkildəki şəxslə həkimin eyni şəxs olmasını təsdiq edir, lakin tibbi müayinədən keçməkdən imtina edir. Eyni zamanda polis əməkdaşlarının onun avtomobilini polis şöbəsinə gətirmədiyini bildirsə də, 16 fevral 2025-ci il tarixli iltizamdan görünür ki, Şəxs qardaşı X1 İmdad Cəbrayıl oğluna məxsus “X7” yük markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı ünvana aparacağı barədə söz vermiş və 16 fevral 2025-ci il tarixdə maşını təhvil almışdır. Bundan başqa Şəxs İXP ******* nömrəli, 16 fevral 2025-cil tarixli protokola əsasən ona İXM-nin 343-1.1-ci maddəsi ilə 600 manat cərimə edilməsi barədə sms məlumat göndərildiyi halda, eyni zamanda hazırda eyni olan İXP ******* nömrəli, 16 fevral 2025-cil tarixli protokola əsasən barəsində İXM-nin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxılması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Masallı rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən imzalanmış arayışa əsasən inzibati protokol BDYPİ-nin MİS-ə işlənilən zaman texniki səhv ucbatından İXM-nin 343.1-ci maddəsi əvəzinə 343-1.1-ci maddəsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar