Məhkəmə qərarları › İş №3(050)-467/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-467/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-467/2025 25.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 3(050)-2063/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, qumara qoyulmuş 25 ədəd 20 qəpiklik, 10 ədəd bir manatlıq pul əskinazları və iki qutu “DURAKA” kartı Şəxs aid hissədə müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 3(050)-2063/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, qumara qoyulmuş 25 ədəd 20 qəpiklik, 10 ədəd bir manatlıq pul əskinazları və iki qutu “DURAKA” kartı Şəxs aid hissədə müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İcra sənədi icraatına daxil olmuş və borclu SMS bildirişi aldıqdan sonra xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gələrək izahat verərək bildirmişdir ki, cəriməni ödəyə bilmir. Buna görə də, təkrarən ona vaxt verilmişdir. Bir müddət sonra borclu yenidən icra şöbəsinə dəvət olunmuş və borclu yenədə borcu ödəyə bilmədiyini bildirmişdir. Borcu ödəyə bilməməsini isə maddi imkanının olmaması, işləməməsi ilə əsaslandırmışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qərarı ilə müəyyən edilmiş cəriməni ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir, işi olmuş olsaydı, işləsəydi əgər dövlətə olan borcunu ödəmiş olardı. 70 yaşında qoca ata-anası vardır və valideynləridə onu evdən çıxarmışlar, dostlarının yanında qalır. Məhkəmədən bağışlanmasını xahiş etdi. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbehin icra edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar