Məhkəmə qərarları › İş №3(050)-483/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-483/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-483/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakimi Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin Yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Nümayəndə, Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40-da Masallı şəhəri, Həzi Aslanov küçəsi, “İsgəndərli dairəsi” adlanan yerdə idarə etdiyi “BMW 528 Xİ” minik markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞnin DYPB-nin Yol patrul xidmətinin baş inspektoru, polis baş leytenantı Nümayəndə bildirdi ki, hadisə Masallı şəhəri, Həzi Aslanov küçəsi, “İsgəndərli dairəsi” adlanan yerdə “Rabitəbank ASC-nin “Masallı” filialının inzibati binasının yaxınlığında baş vermişdir. Sürücü Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə “Dostum evlənir” yazısı yapışdıraraq idarə edərkən görmüş, sürücüyə saxla işarəsi vermiş, sürücüyə yaxınlaşaraq, özünü təqdim etməkdən ibarət olan sürcüyə hüquq və vəzifələrini izah etmiş, hadisə yerində nəqliyyat vasitəsinin fotoşəkili çəkilmiş, yerində protokol tərtib edilmiş, sürücü protokolu imzalamaqdan imtina etmiş, bu barədə protokolda qeyd aparmamışdır. Vətəndaş protokolu almaqdan imtina etdikdə, bu barədə barəsində protokol tərtib edilmiş şəxs protokolda qeydiyyat aparmalıdır. Hadisənin dəqiq nə vaxt vaş verməsini xatırlamır. Ola bilsin ki, texniki cəhətdən hər hansı bir problem olsun protokolun tərtibi tarixi kimi sonrakı gün göstərilsin. Texniki cəhətdən problem olduğu üçün patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməmişdir. Sürücünün inzibati xəta törətməsini inzibati iş materiallarına əlavə edilmiş video görüntü də təsdiq edir. Sürücüyə atasının onları gəlib görməsini deməmişdir. Sonda Nümayəndə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə xx.xx.2023-cü il tarixdə baş verib. Polis əməkdaşı ona saxla işarəsi vermiş, o, nəqliyyat vasitəsini saxlamış, polis əməkdaşı onunla aqressiv danışmış, ona içkili olduğunu demiş, o, da içkili olmadığını bildirmişdir. Həmin vaxt idarə etdiyi “BMW 528 Xİ” minik markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanının üzəri “Dostum evlənir” yazısı ilə örtülü olmuşdur. Həmin yazını şadlıq sarayında yapışdıraraq, nəqliyyat vasitəsini həmin vəziyyətdə idarə etmişdir. “Dostum evlənir” yazısını avtomobilin dövlət qeydiyyat nişanının üzərindən götürülməsini yadından çıxmışdır. Həmin vaxt protokol tərtib edilməmiş, polis işçisindən barəsində protokol tərtib edilib-edilməməsini soruşmuş, o, isə protokol tərtib edilmədiyini bildirmişdir. Həmin əmələ görə qanunvericilkdə nə qədər cərimənin nəzərdə tutulmasını polis əməkdaşından soruşmuş, o, 500 manat cərimə nəzərdə tutulduğunu bildirmişdir. Hadisə yerində “Dostum evlənir” yazısını avtomobilin dövlət qeydiyyat nişanının üzərindən götürmüşdür. Polis əməkdaşına təşəkkürünü bildirmiş, polis əməkdaşı isə atasının onları gəlib görməsini demişdir. İşdə olan fotoşəkil hadisənin baş verdiyi vaxt çəkilmiş və onun idarə etdiyi “BMW 528 Xİ” minik markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmçinin, iş materiallarına əlavə edilmiş video görüntü də hadisə vaxtı qeydə alınmış görüntüdür. Video görüntüdə səs yoxdur, hadisə vaxtı polis əməkdaşı səs ötürən mikrofondan istifadə etməmişdir. Sonda Şəxs inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Vəkil bildirdi ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol vaxtında tərtib edilməmişdir. Belə ki, hadisə xx.xx.2024-cü il tarixdə baş versədə, protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Halbuki, İXM-in 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Protokol vətəndaşa verilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, vətəndaşın protokolu imza etməməsi barədə protokolda hər hansı bir qeyd yoxdur. Əgər həqiqətən də vətəndaş protokolu qəbul etməkdən imtina etsəydi, polis əməkdaşı bu barədə protokolda qeyd aparardı. Protokol qüsurlarla tərtib edilmişdir. Polis əməkdaşı barəsində protokol tərtib edilən şəxsin hansı hüquqlarının olmasını bilmir. Polis məhkəmədən istifadə edir ki, protokol necə tərtib edilsə məhkəmə onu təsdiq edəcəkdir. Sonda Vəkil inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:40-da Masallı şəhəri, Həzi Aslanov küçəsi, “İsgəndərli dairəsi” adlanan yerdə idarə etdiyi “BMW 528 Xİ” minik markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan fotoşəkildən görünür ki, “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanı “Dostum evlənir” yazısı ilə tam örtülü vəziyyətdədir. Hadisənin görüntülərini əks etdirən videgörüntüdən (işə əlavə edilmiş CD) görünür ki, “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanı “Dostum evlənir” yazısı ilə tam örtülü vəziyyətdədir və sürücü tərəfindən həmin vəziyyətdə nəqliyyat vasitəsi idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın: 1.3. YPX-nin fəaliyyəti qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və aşkarlıq prinsipləri əsasında qurulur. 1.4. YPX-nin əməkdaşı xüsusi peşə hazırlığı keçməli, xidməti vəzifələrini yerinə yetirərkən intizamlı və sayıq olmalı, cəsarət və qətiyyətlilik göstərməlidir. 4.6. Patrul avtomobili radio-cihaz vasitəsi, bort-kompüter, videokamera, ilk tibbi yardım qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunur. 4.7. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. 6.4. Xidməti gecə aparan naryadın təlimatlandırılması baş növbətçi-inspektorun (növbətçi-inspektorun) iştirakı ilə həyata keçirilir və bu barədə “Post cədvəli kitabı”nda qeyd aparılır. Təlimatlandırma müddəti 30 dəqiqədən artıq olmamalıdır. 6.5. Təlimatlandırmanın keçirilməsi zamanı vəzifəli şəxs: 6.5.1. əməkdaşların xidmət aparmağa hazır olduğuna, o cümlədən patrul avtomobillərində quraşdırılan videokameranın və məsafədən səs ötürən mikrofonun işlək vəziyyətdə olmasına əmin olmalı və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməli; 6.5.2. əməkdaşların öz hüquq və vəzifələrini, silahın, xüsusi vasitələrin tətbiqi və istifadəsi qaydalarını, şəxsi təhlükəsizliyin təmin edilməsi tədbirlərini bilməsini seçmə üsulu ilə yoxlamalı; 8.7. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, iş materiallarında olan fotoşəkil və videogörüntü ilə sübut edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “BMW 528 Xİ” minik markalı nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanına “Dostum evlənir” yazısına yapışdıraraq, həmin vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir. Nəqliyyat vasitəsinin arxa dövlət qeydiyyat nişanı tam şəkildə “Dostum evlənir” yazısı ilə örtülü vəziyyətdə olmuşdur. Bu hal işin mübahisəsiz tərəfidir, işdə olan yuxarıda sadalanan sübutlarla, həmçinin barəsində protokol tərtib edilmiş şəxs tərəfindən də təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mübahisələndirdiyi hallar - hadisə vaxtı protokol tərtib edilməməsi, protokolun sonradan tərtib edilməsi, protokolun onun tərəfindən qəbul edilib-edilməməsi barədə protokolda hər hansı bir qeydin olmaması, polis əməkdaşının onunla aqressiv danışması, protokolun ona verilməməsi, saxlanılarkən polis əməkdaşının ona hüquq və vəzifələrinin izah edilməməsi, polis əməkdaşının ona protokol tərtib edilmədiyini bildirməsi, ona atasının gəlib onları görməsini deməsi və s. ilə bağlıdır. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra protokolun tərtib edilibedilməməsi; polis əməkdaşının barəsində protokol tərtib edilmiş şəxsə atasının gəlib onları görməsini deyib-deməməsi; onunla aqressiv danışıb-danışmaması məsələlərinə münasibətdə məhkəmə bildirir ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsi; polis əməkdaşının barəsində protokol tərtib edilmiş şəxsə atasının gəlib onları görməsini deməsi; onunla aqressiv danışması; polis əməkdaşının ona protokol tərtib edilmədiyini bildirib-bildirməməsi işdə olan sübutlarla təsdiq edilmir və bu hallar işin araşdırılması zamanı da sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mübahisələndirdiyi digər hallara münasibətdə isə məhkəmə bildirir ki, təbii ki, YPX-nin əməkdaşı fəaliyyətini qanunvericiliyin müəyyən etdiyi şəkildə həyata keçirməlidir. Lakin onun tərəfindən protokolun tərtibi və digər məsələlər ilə bağlı yol verilmiş nöqsanlar (məsələn, vətəndaşa hüquq və vəzifələrinin izah edilməməsi, dərhal protokol tərtib edilməməsi, protokolun şəxsə verilməməsi və s.) o demək deyil ki, şəxsin əməlində inzibati xəta yoxdur. Fakt ortalıqdadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özüdə inzibati xəta törətməsini etiraf edir. Bu hal işin mübahisəsiz tərəfidir, işdə olan yuxarıda sadalanan sübutlarla təsdiq edilir. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xətanın törədilməsində alət olmuş “Dostum evlənir” yazısının avtomobilin dövlət qeydiyyat nişanının üzərindən götürülməsini, yəni inzibati xətanın törədilməsində alətin mövcud olmamasını nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar