Məhkəmə qərarları › İş №3(050)-514/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-514/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-514/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. 23 sentyabr 2023-cü ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 11 mart 2023-cü il tarixdə idarə etdiyi “Nissan” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Masallı rayonu Qəriblər kəndində atasına məxsus obyektdən çıxaraq həmin kənddə əmisi oğlunun işlədiyi mağazaya getmişdir. Mağazadan “QO” adlı içki alaraq içmişdir. Lakin içkini içəndən sonra avtomobili idarə etməmişdir. Belə ki, əmisi oğlu ilə görüşərək gəzintiyə getməyi planlaşdırmışdır. O və əmisi oğlu avtomobilin yanında qalaraq söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmış, polis əməkdaşlarını tanışları olduğundan salamlamışlar. Daha sonra polis əməkdaşlarından biri onun maşınına əyləşərək polis şöbəsində gətirmişdir. O, da digər polis əməkdaşı ilə birlikdə polis maşını vasitəsi ilə polis şöbəsinə getmişlər. Polis şöbəsində barəsində protokol tərtib edilmişdir. Odur ki, hazırkı protokola sərxoşluq vəziyyətinin aşkar edilməməsi səbəbindən xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş DYPB-nin YPXİ-nin baş inspektoru Fərəməz Əməşov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 11 mart 2023-cü il tarixdə idarə etdiyi “Nissan” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən sürücü təhlükəsizlik kəmərindən düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.418 %) Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən qəbz, CD diski, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar