Məhkəmə qərarları › İş №3(050)-516/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-516/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-516/2025 12.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Yardımlı rayonu, Alçabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis işləyən, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi, 72-ci Kürdəxani küçəsi, 6-cı döngə ev 17 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul xidməti alayından daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 27 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 27 fevral 2025-ci il tarixdə, saat 14:55-də “Hyundai Avante” minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 27 fevral 2025-ci il tarixdə “Hyundai Avante” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Astara istiamətində hərəkətdə olarkən Masallı rayonu ərazisində postda yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərini yoxladıqdan sonra ona sərxoşluq vəziyyətinin yoxlanması üçün alkotesterdən keçmək təklif edilmiş və alkotesterin nəticəsində spirtli içki qəbul etməsi məlum olmuşdur. Alkotester tam şəffaf qaydada keçmiş, heç bir narazılıq etməmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27 fevral 2025-ci il tarixli, 86 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokola əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluqu (0.58 promil) aşkar edilmişdir. - Şəxs izahatından görünür ki, 27 fevral 2025-ci il tarixdə “Hyundai Avante” minik markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobil ilə Ələt-Astara yolunda Astara istiqamətində hərəkətdə olarkən 776 saylı postda saxlanılmışdır. Yol-Patrul Xidməti əməkdaşı özünü təqdim etdikdən sonra, sənədlərini yoxlamış və ona sərxoşluq vəziyyətinin yoxlanması üçün alkotesterdən keçmək təklif edilmişdir. Alkotesterin nəticəsində spirtli içki qəbul etməsi məlum olmuşdur. Alkotesterdən tam şəffaf qaydada keçmiş, heç bir narazılıq etməmişdir. Alkotesterin nəticəsində onda 0.58 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Alkotesterin nəticəsi ilə razı qalmış, bir daha içkili vəziyyətdə avtomobili idarə etməyəcəyi barədə vəd vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar