Məhkəmə qərarları › İş №3(050)-542/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-542/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-542/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1i ünvanı olan (VÖEN **********) Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 28 mart 2023-cü il tarixli, EP ******* nömrəli protokolda göstərilir ki, Şəxs MMC 43088.00 ABŞ dolları məbləğində vəsaiti 05 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43088.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 mart 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhdud Məsuliyətli Cəmiyyətinin direktoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin 43088.00 ABŞ dollar məbləğində vəsaiti 05 mart 2021-ci ildə xaricə köçürülməsinə və 2 il müddət keçsə də, 43088.00 ABŞ dollar məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsinə, bu valyuta vəsaitini geri qaytarmamasına istinad edərək, İXM-nin 430.4-cü maddəsi ilə 28 mart 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə göndərilmişdir. Hesab edir ki, qeyd olunan protokol əsassız və qanunsuzdur. Belə ki, Şəxs MMC ilə Çin Xalq Respublikasının hüquqi şəxsi X1 Co. Ltd şirkəti arasında 07 sentyabr 2019-cu ildə AZB191108 saylı müqavilə bağlanılmış, müqaviləyə əsasən ümumi məbləği 617000 ABŞ dolları məbləğində elektronika malları, elektronika məişət texnikası, elektronika malları üçün ehtiyat hissələri, mobil ehtiyat hissələrinin və sair malların müəyyən edilmiş miqdarda və qiymətlərlə satışı razılaşdırılmış, bununla əlaqədar şirkətlər arası işgüzar münasibətlər yaranmışdır. Müqavilənin 3.2-ci bəndinə görə satıcı spesifikasiyada başqa şərtlər nəzərdə tutulmadıqda faktura təsdiq edildiyi tarixdən etibarən 90 təqvim günü ərzində malların göndərilməsinə razılaşmışdır. Bu müqavilənin müddəti xx.xx.2023-cü ildə bitir. Dünyada və Azərbaycan Respublikasında baş verən pandemiya başlanadək müqavilə öhdəlikləri üzrə hər hansı problem mövcud olmamış, dəyəri əvvəlcədən ödənilmiş və sifarişi verilmiş mallar vaxtı-vaxtında ölkəyə idxal olunmuşdur. Lakin məhz dünyada baş verən “Covid-19” pandemiyası ilə əladədar 2021-ci ilin fevral və mart aylarından iş yerləri bağlanılmış, təxminən 03 mart 2021-ci ildən tədricən Azərbaycan Respublikasında da pandemiya ilə əlaqədar müxtəlif formada məhdudiyyətlər tətbiq olunmağa başlamış, qeyd olunan müqavilə üzrə 05 mart 2021-ci ildə 43088.00 ABŞ dolları məbləğində ödənilmiş pul vəsaiti üzrə Çin Xalq Respublikasından göndərilən malların Azərbaycan Respublikasına vaxtında idxal edilməsi mümkünsüz olmuşdur. Bununla əlaqədar dəfələrlə xarici şirkət ilə əlaqə saxlanılmış, müxtəlif vaxtlarda ona rəsmi qaydada üzrxahlıq məktubu göndərilmiş, eləcə də mütəmadi olaraq yaranmış problem ilə bağlı yazışmalar olmuşdur. Təbii ki, bir sahibkar olaraq sifariş verdiyi malların daha qisa müddət ərzində idxal olunmasında ən çox maraqlı özü olsa da, fors-major hadisəsindən, yəni dünyanı öz əhatəsinə alan pandemiyadan həmin malların vaxtında çatdırılması qeyrimümkün olmuşdur. Çin Xalq Respublikasında və Azərbaycan Respublikasında da iş yerləri pandemiya ilə əlaqədar dayandırılmış, mövcud vəziyyətə uyğun məhdudiyyətlər tətbiq edilmişdir. 2023-cü ilin mart ayının 22-də malların ölkəyə idxal olmasına nail olmuşdur. Malların vaxtında çatdırılmaması onun təqsirindən olmamışdır. Mallın vaxtında çatdırılması üçün ondan asılı olan hər şeyi etmişdir. Sonda Nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında ptorokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında işə ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli, KB-83/2-42/2023 nömrəli məktubdan və inzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, Şəxs Məhdud Məsuliyətli Cəmiyyət ilə Çin Xalq Respublikasında yerləşən X1 Co. Ltd şirkəti arasında 07 sentyabr 2019-cu ildə AZB191108 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 48000.00 ABŞ dolları məbləğində vəsait 05 mart 2021-ci il tarixdə xaricə köçürülmüş, lakin 2 il müddət keçsə də, 43088.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar vaxtında ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin 43088.00 ABŞ dolları məbləğində ödənilmiş vəsaitə görə malların ölkəyə vaxtında idxal edilməməsinə görə hüquqi şəxsin məsuliyyət daşımamasına münasibətdə bildirir ki, qanunvericiliyə görə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati məsuliyyətin yaranması üçün imperativ şəkildə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC 43088.00 ABŞ dolları məbləğində vəsaiti 05 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət (müəyyən edilmiş müddət) keçsə də, 43088.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə vaxtında idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 43088.00 (qırx üç min səksən səkkiz) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 8617.6 (səkkiz min altı yüz on yeddi ABŞ dolları, 60 sent ) ABŞ dolları (tutulduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətində müəyyən edilmiş məzənnəsi ekvivalentində) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar