Məhkəmə qərarları › İş №3(050)-562/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-562/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-562/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs haqqında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3cü maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 329.1 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək Masallı Rayon Polis Şöbəsinin həmin tarixli qərarı ilə 400 manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin cərimə məbləğini ödəməmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydalarının pozulmasına görə İXM-nin 329.1 və 332.3-cü maddələri ilə tətbiq edilmiş 400 manat miqdarında inzibati cərimə məbləğinə cəmi 208 manat dəbbə pulu hesablanmışdır. İXM-nin 150.11-ci maddəsinə əsasən qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimənin ödənilməməsi yalnız həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçdikdən sonra, cərimə məbləği və bu məbləğə hesablanmış dəbbə pulu ödənilmədikdə şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilə bilər. İnzibati işin materiallarından görünür ki, Şəxs İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 noyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat məbləğində cərimə edilmişdir. İXM-nin müvafiq normalarının tələblərinə əsasən qeyd edilən qərardan 20 gün müddətində şikayət verilməsi nəzərdə tutulduğundan həmin qərar 10 dekabr 2024cü il tarixdə qanuni qüvvəyə minmiş, 3 ay ərzində, yəni 10 mart 2025-ci il tarixədək həmin qərar icra edilmədiyi halda, növbəti gün 11 mart 2025-ci il tarixdə İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş olmalı idi. Biləsuvar Rayon Polis şöbəsi tərəfindən 20 fevral 2025-ci il tarixdə hələ inzibati xəta törədilməmişdən şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Qeyd edilən səbəbdən hazırda həmin protokola məhkəmədə baxılması mümkün deyildir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118,150.11-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında material natamamlığın aradan qaldırılması üçün Biləsuvar Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar