Məhkəmə qərarları › İş №3(050)-566/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-566/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-566/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X3 iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Xətai küçəsi, ev 13B-də qeydiyyatda olan Masallı şəhəri, Qarabağ küçəsi, bina 10, mənzil 11-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs 260 manat pulunu ələ keçirərək xırda talama əməlləri törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Ramil Mirzəyev tərəfindən 05 mart 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, təxminən 27 ildir ki, Masallı rayonunda telefon təmirçisi kimi fəaliyyət gösərir. Xanımla tanış olması müştəri qismində olmuşdur. Belə ki, xanım dəfələrlə onun işlədiyi mağazaya gələrək telefon təmir elətdirmiş, müəyyən avadanlıqları onlardan almışdır. Heç bir problemləridə olmamışdır. Ötən ilin son aylarında işlədiyi mağazaya gələrək ekranı sınıq telefon təqdim etmişdir. Xanım telefonsuz qalmış və telefon almaq istəmiş, lakin xanımın istədiyi telefon markası onlarda olmadığı üçün, o, xanıma tanıdığı bir şəxsdə istədiyi telefon markasının olduğunu həmin şəxslə görüşüb razılığa gəlib ala biləcəyini bildirmişdir. Xanımın işlənmiş telefonun isə onlar almışlar. Xanım telefonu aldıqdan bir ay sonra işlədiyi mağazaya gələrək telefonun işləmədiyini bildirmişdir. Telefonu təmir etmiş, lakin vətəndaşın etirazı olduğu üçün o, həmin telefonu qəbul edib xanıma başqa telefon vermişdir. Xanıma verdiyi telefonun qüsuru o idiki ölkə ərazisində qeydiyyatdan keçməli olmuş və onunda dövlət rüsümü 20 manat olmuşdur. Həmin ərəfələrdə işlədiyi mağazada problemlər olduğu üçün həmin mağazadan çıxmaq məcburiyyətində qalmışdır. Bununlada fəaliyyətini dayandırmışdır. Fəaliyyətini dayandırdıqdan sonrada xanımın problemləri başlamışdır. Həmin vaxt telefonu bərpa etmək üçün şəraiti olmadığı üçün xanıma telefonu başqa bir mağazada işlə başladığı vaxt bərpa edəcəyini izah etmişdir. Həmin telefon hal-hazırda işlək vəziyyətdədir, işləyir heç bir qüsuru yoxdur. Sadəcə xanım telefonu hansı şərtlərlə qaytarmaq istəyir bilmir, ya telefonu satıb ona verməlidir, yada pulu düzəldib xanıma qaytarmalıdır, aralarında razılığa gələ bilmirlər. Hazırda yenicə fəaliyyətə başladığı üçün imkanı yoxdur ki, həmin pulu xanıma versin. Hazırda maddi durumu yaxşı deyildir, vaxt lazımdır ki, həmin pulu qaytarsın. Maddi durumunda problemlər olduğu üçün fəaliyyətini dayandırmışdır. Heç bir ay olmazki yeni bir mağazaya daşınmış və orada fəaliyyət götərməyə başlamışdır. Vaxt lazımdır ki, maddi durumu düzəlsin və xanımada ödəniş edə bilsin. Telefon hələki onun özündədir. O, telefonu satmamış, itirməmiş, xanımı aldatmamışdır. Əgər maddi durumu yaxşı olsaydı iş bu yerə gəlib çıxmazdı, xanımın pulunu vermiş olardı. Bütün bu problemlər maddi duruma bağlı olduğu üçün gəlib bu yerə çıxmışdır. Ziyanı ödəməyə etiraz etmir, sadəcə müddət lazımdır ki, ödəsin. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, onda ekranı sınmış mobil telefon olmuşdur və o, həmin telefonu təmir etdirmək üçün gecə ilə aparıb Ramilə vermiş və Ramildə telefonu düzəldib ona vermişdir. Sonra o, Ramilə telefonu ondan neçəyə ala biləcəyini soruşmuş, Ramildə ona 80 manata ala biləcəyini bildirmişdir. Sonra 80 manatı ona vermişdir. O, Ramilin işlədiyi mağazada A52 markalı telefon görmüşdür və həmin telefonu neçəyə satdığını soruşmuşdur. Həmin telefonu alıb Ramilə 80, 100 və 60 manat pul vermişdir. Sonradan həmin telefon işləməmişdir. Şəbəkəsində problem olmuşdur. Bu səbəbdən aparıb telefonu qaytarmışdır. Telefonu qaytardığı zaman mağazada Realmi markalı telefon olmuş oda həmin telefonu qaytardığı telefonun əvəzinə ona sata biləcəyini soruşmuş, eləcədə telefonda hər hansı bir problemin olub-olmadığını soruşmuş, Ramildə heç bir problemin olmadığını bildirmişdir. O, həmin telefonu almış və əlavə olaraq 20 manatda pul vermiş və cəmi 260 manat vermişdir. Həmin telefon iki simkartlı telefon olmuş və şəbəkəsi olmamışdır. Şəbəkəsinin açılması ilə bağlı dəfələrlə Ramilin yanına getmiş, Ramildə hər dəfəsində şəbəkəsinin açılacağını bildirmişdir. Həmin vaxtdan telefonun şəbəkəsi açılmamışdır, yenicə telefonun şəbəkəsi açılmışdır. Hazırda telefon Ramilin özündədir. Hazırda da ona dəymiş ziyanı tələb edir. Telefonu istəmir, pulunu tələb edir. Şikayətçi deyildir, pulunu tələb edir. İşdə olan 27 fevral 2025-ci il tarixli Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ Boradigah PB-nə göndərilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Şəxs, anası X1r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə şiş intoksikasiyasından ölmüşdür. Bu barədə Masallı Rayon Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 278 nömrəli ölüm qeydi aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun himayəsində bir azyaşlı (on dörd yaşına çatmamış) uşağı olması və arvadının ölməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar