Məhkəmə qərarları › İş №3(050)-577/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-577/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-577/2024 05.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı şəhərində doğulmuş, Masallı şəhəri, Dadva küçəsi, ev 49-da qeydiyyatda olan, fərdi əməklə məşğul olan, subay, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 mart 2024-cü il tarixdə saat 17:19 radələrində “Toyota Prius (HİBRİD) minik” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman işıq cihazlarından düzgün istifadə etmədən avtomaşını idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz və narkoloji vasitənin təsiri altında idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, o, avtomobili idarə etdiyi zaman ötmə nişanından istifadə etmişdir, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmişdir. Ehtiyat kəmərinidə bağlamışdır. Sürücülük vəsiqəsi olmadığı üçün həmin günədək avtomobil idarə etməmişdir. Həmçinin onun atasına məxsus avtomobili idarə etmək üçün etibarnaməsidə olmamışdır. Sadəcə atası insult keçirdiyindən tez-tez qan təziqi qalxıb-düşür. Həmin vaxtda o, avtomobili ona görə idarə etmişdir ki, atasını evə aparsın. Bu zaman polis əməkdaşları onu saxlamışlar. Sənədləri yoxlanılmış və daha sonra polis şöbəsinə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra test olunmuşdur. Daha sonra isə polis əməkdaşları onu Cəlilabad rayonunda yerləşən narkoloji dispanserə aparmışlar və orada müayinə olunmuşdur. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə istifadə etməsi aşkarlanmışdır. O, avtomobili idarə edən zaman narkotik vasitənin təsiri altında olmamışdır, tam ayıq vəziyyətdə olmuşdur. Sadəcə olaraq əsgər yoldaşı Bakı şəhərinə gəldiyi zaman ad günü məclisində olmuş və orada narkotik vasitə istifadə edildiyi zaman oda narkotik vasitədən istifadə etmişdir. Bu isə təxminən 10 gündən çox bir müddət öncə olmuşdur. O, bu günədək siqaret çəkməmiş, spirtli içki içməmişdir. Bir səhvdir etmişdir və etdiyi səhvə görə də, çox peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Şəxs barəsində polis baş serjantı X2 tərəfindən 02 mart 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 02 mart 2024-cü il tarixli 54 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs THC(+) marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə təyin edilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar