Məhkəmə qərarları › İş №3(050)-581/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-581/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-581/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxx 1987-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Şəxs Masallı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra sənədinə əsasən ondan 8000 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs verməlidir. Borcunu bu vaxta kimi tam ödəməməsinin səbəbi maddi imkanının zəif olması olmuş, son dövrlər isə yaşadığı evin əşyaları ilə birlikdə tam yanması nəticəsində maddi ziyana düşmüşdür. Hal-hazırda yeni işlərini qurmuş, borcunu bir neçə ay müddətində tam icra edə biləcək. Bu gün yəni 18 aprel 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən 8000 manat qalıq borcundan 1500 manat pul ödəmişdir. Borcunu tam olaraq ödəməməsi maddi imkansızlıqla əlaqədardır. İnzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(050)- 2197/2021 nömrəli icra sənədinə əsasən Şəxs 8000 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Masallı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra sənədi üzrə yaranmış 8000 manat borcdan 1500 manat bu gün ödəniş etmiş və hazırda 6500 manat ödənilməmiş borcu qalmışdır. Borcunu ödəməməsi üçün üzürlü səbəbi yoxdur. Şəxs üzürlü səbəb olmadan icra sənədləri üzrə yaramış borcunu ödəməmişdir. Belə ki, icra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs barəsində əmlak vəziyyətinin yoxlanılması və gəlirlərinin olub olmaması barədə aidiyyətı orqanlara sorğular göndərilmişdir. Bundan başqa Şəxs yaşadığı ünvana icra şöbəsi tərəfindən dəfələrlə bildiriş göndərilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs borcundan tam şəkildə ödəniş etməmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədləri üzrə borcunu ödəmədiyindən barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 8000 manat pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 20 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 26 may 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1987ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Masallı Rayon Polis şöbəsinə göndərilmişdir. 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli, 2(050)-2197/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar yaranmış borcunu tələbkar Şəxs tam şəkildə ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunverici “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini araşdıraraq müəyyən etmişdir ki, o, üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatları, Şəxs barəsində axtarış verilməsi barədə qərar, eləcə də digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə onun təqsiri olmama barədə izahatını özünü müdafiə kimi qiymətləndirir və sübut kimi rədd edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, o, İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 31.2 və 32.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun borcundan qismən ödəniş etməsidir, məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə verilmiş inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında prtokolun qanunililiyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, protokol işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs son davranışları, onun ailə, sosial və maddi vəziyyəti, borcundan 1500 manat ödəməsi nəzərə alınmalı, qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zeynalov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar