Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-586/2025 06.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1976-cı il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-995/2020 nömrəli, 12 avqust 2020ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Masallı rayon Məhkəməsinin 2(106)-995/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli icra sənədinə əsasən X4 3000 manat kompensasiya verilməklə o, Şəxs, yetkinlik yaşına çatmayan uşaqları və əmlakları ilə birlikdə Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX №0652933 nömrəli Çıxarışa əsasən Telnaz Hüseynovanın mülkiyyətində olan Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evindən çıxarılmalıdır. Tərəflərlə icra sənədi ilə bağlı söhbətlər aparılmış, onlara hüquq və vəzifələri izah edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, həmçinin borclu evdən çıxarılması üçün dəfələrlə müddət istəyərək icra sənədi üzrə tələbi bu günə kimi icra etməmişdir. İcra sənədi uzun müddətdir ki, icra olunmur, həmçinin borcluya bu cür hərəkətləri davam etdiyi halda barəsində cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Borclu tərəf inzibati məhkəməyə şikayətlər etmiş, icra sənədin icra müddəti pozulmuş halda həmin yekun qərarı gözləyərək borlcu tərəfə hörmətlə yanaşmışdır. Tələbkar tərəf icra sənədi illərdir ki, icra olunmadığı üçün onun barəsində şikayətlər etmiş, belə olan halda onlar məcburi qaydada borclu tərəflərin barəsində cinayət işinə başlamalıdırlar. Borclu Şəxs yoldaşı X3 barəsində icra sənədinin tələblərini icra etmədiyinə görə protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Həmin vaxt Şəxs yoldaşı X1 rayon İcra və Probasiya şöbəsində müddət istəmiş, həmin müddət keçəndən yaşayış evində könüllü olaraq çıxacağını barədə vəd vermişdir. Lakin təkrar olaraq icra sənədinin tələbinə borclular qeyri-ciddi yanaşaraq icra etməmişlər. Onun barəsində isə icra sənədi icra edilmədiyinə görə kompensasiyasının alınması üçün tələbkar məhkəməyə müraciət etmiş və iş hal-hazırda Masallı Rayon Məhkəməsinin icraatındadır. Dəfələrlə icra təyin olunduqdan sonra Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evinə getmiş, lakin evin qapısı bağlı olmuş, borclular icra sənədini icra etməkdən boyun qaçırırdığını bildirmişdir. Məcburi qaydada icra edilməsini istəmədiyini bildirmiş, humanist şəkildə icra sənədinin icra olunması üçün şərait yaratmış, lakin bundan sonra borclu barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə barəsində cinayət işinə başlanacağına və iş hazır olunandan sonra İstintaqa göndəriləcəyini bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun və ailəsinin yaşamağa yeri olmadığı üçün həmin yaşayış evdən çıxa bilmir. Maddi cəhətdən imkanı aşağı olduğundan başqa yerə köçə bilməmişlər, lakin bu ilin aprel ayının sonunadək vaxt verilsə ev taparaq oradan çıxacaqdır. Tutulmaq istəmədiyi üçün ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-995/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, X4 3000 manat kompensasiya verilməklə o, Şəxs, yetkinlik yaşına çatmayan uşaqları və əmlakları ilə birlikdə Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX №0652933 nömrəli Çıxarışa əsasən Telnaz Hüseynovanın mülkiyyətində olan Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evindən çıxarılmalıdır. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 19 may 2021-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-995/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Şəxs 06 mart 2025-ci il tarixli izahatından görünür ki, 2(106)-995/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə tələbi icra etmədiyi halda, barəsində əvvəl inzibati sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olduğunu bildirmişdir - Masallı Rayon Məhkəməsinin 3(050)-2079/2024 saylı, 16 noyabr 2024-cü il tarixli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun özünün və yekun nəticəyə gəlməyə imkan verən icra məmurunun məhkəmə iclasında verdikləri ifadəsi, inzibati işin materiallarında və iş üçün mühüm əhəmiyyət kəsb edən icra işində olan digər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Odur ki, Şəxs həmin maddə ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbiridir. 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. 72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. 72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. 72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İcra məmurunun Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-995/2020 nömrəli, 12 avqust 2020-ci il tarixli icra vərəqəsinin icra olunmaması ilə dəlili ondan ibarətdir ki, borclu evdən çıxarılması üçün dəfələrlə müddət istəyərək icra sənədi üzrə tələbi bu günə kimi icra etməmişdir. Dəfələrlə icra təyin olunduqdan sonra Masallı rayonu, Ləngan kəndində yerləşən yaşayış evinə getmiş, lakin evin qapısı bağlı olmuş, borclu icra sənədini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinin tələbinə əsasən icra məmuru tərəfindən çıxarılmanın günü və vaxtı haqqında müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur və borclu yaşayış sahəsini boşaltmadıqda, icra məmuru tərəfindən yaşayış sahəsindən borclu məcburi qaydada çıxarılmalıdır. Göründüyü kimi icra tədbiri icra məmuru tərəfindən məcburi qaydada icra olunmalıdır. Belə olan halda borclunun icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-586/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-586/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver