Məhkəmə qərarları › İş №3(050)-59/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-59/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-59/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Gəyəçöl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı rayonu Musaküçə kəndində mərkəzi küçədə olduğu zaman, uşağı xəstə olduğundan dostunun ona olan borcunu qaytarması ilə bağlı dostu ilə telefondan danışarkən dostunun ona olan borcunu bir müddət sonra qaytaracağını deməsindən əsəbləşərək uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır.Bu zaman iki nəfər şəxs ona yaxınlaşaraq Masallı rayon polis şöbəsinin polis əməkdaşları olduğunu bildirib ictimai yerdə uca səslə nəlayiq ifadələr işlətməyin inzibati xəta olduğunu izah edib, onu nizam intizama dəvət etmişlər.Lakin o, həmin vaxtı əsəbi olduğundan polisin qanuni tələblərinə məhəl qoymadan polisin qanuni tələblərinə tabe olmamışdır.Bundan sonra onu Masallı RPŞ-yə dəvət etmişlər. Hazırda əməlindən peşmandır.Yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 ilə birlikdə Masallı rayonu Musaküçə kəndi ərazisində xidmətdə olmuşlar.Həmin vaxtı adı onlara sonradan məlum olan Masallı rayonu Musaküçə kənd sakini Şəxs, uca səslə ünvansız küçə söyüşləri söydüyünün şahidi olmuşlar.Bu zaman onlar Şəxs yaxınlaşıb onu dəfələrlə nizam intizama dəvət etsələr də, lakin o, onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini bir neçə dəqiqə ərzində davam etdirmişdir.Bundan sonra Şəxs Masallı RPŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Mirxas Təhməzov tərəfindən 15 yanvar 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli 019345 nömrəli protokoldan görünür ki, Şəxs 15 yanvar 2023-ci il tarixdə saat 10:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 yanvar 2023-cü il tarixdən, saat 10:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar