Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-596/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu Zuvandlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ali təhsilli, Masallı rayonu, Yeni Zuvand kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ilk öncə qeyd etmək istəyir ki, müstəntiqin qərarından Masallı Rayon Məhkəməsinə şikayət etmişlər və məhkəmə tərəfindən keçirilmiş dörd məhkəmə prosesindən sonra məhkəmə şikayətlərinə baxmış və İXM-nin 157-ci maddəsinin yenidən araşdırılması üçün polis şöbəsinə göndərmişdir. Lakin polis şöbəsində İXM-nin 157-ci maddəsi ilə bağlı heç bir araşdırılma aparılmamışdır və barələrində inzibati qaydada protokol tərtib olunaraq məhkəməyə verilmişlər. Hadisəyə gəldikdə isə deyilənlər tamamilə yalandır. O, keçmiş həyat yoldaşını vurmamışdır. Onun üzərinə bıçaq çıxarmamışdır. Belə ki, o, Qusar rayonunda olduğu zaman keçmiş həyat yoldaşının ona xəyanət etdiyini öyrənmiş və xx.xx.2023-cü il tarixdə Qusar rayonundan çıxıb Masallı rayonunda yerləşən evinə gəlmişdir. Həmin vaxt təxminən gecə saat 2 olmuşdur. O, keçmiş həyat yoldaşını yaşadıqları evdən götürüb qardaşının yaşadığı evə gətirmışdır. Qardaşı gilə gəlib çatdıqları zaman hətta qardaşı Əsməri qucaqlamış, bəlkə nəsə səhv bir şey olub demişdir. Çünki qardaşı keçmiş həyat yoldaşını doğması, əzizi bilmişdir. Bir qədər sonra isə keçmiş həyat yoldaşını qardaşı gildən götürüb Əsmərin atası evinə aparmışdır. Oraya çatdıqları zaman keçmiş həyat yoldaşını rahat şəkildə maşından düşərək atasının həyətinə daxil olmuşdur. Atasıda onu qəbul edib və nə olub, nə məsələdi deyə soruşmuşdur. Gecə vaxtı söz-söhbət olmasın deyə atasına sabah danışacaqlarını demişlər. Polis şöbəsində onun keçmiş həyat yoldaşını qəbristanlığa apardığını demişlər. Lakin sonradan araşdırma zamanı alınmış anten dairəsi məlumatlarında bu hall öz təsdiqini tapmamışdır. O, 11 dəqiqə ərzində Yeni Zuvand kəndindən ASAN Xidmət mərkəzinin yanına gəlmişdir. Anten dairəsi məlumatlarıda 11 dəqiqədir. Keçmiş həyat yoldaşının dedikləri isə 11 dəqiqə ərzində baş verəcək hadisələr deyildir. Eləcədə sözü gedən qəbristanlıq Masallı şəhəri Talışxanov küçəsində yerləşir. O, həmin gün keçmiş həyat yoldaşını vurmamış, onun üzərinə bıçaq çıxarmamışdır. Nəinki o, ümumiyyətlə heç kim onu vurmamışdır. Odur ki, məhkəmədən qanuna uyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində keçmiş həyat yoldaşı ilə telefon vasitəsi ilə danışmış, oda ona Bakı şəhərində olduğunu hər şeyin yaxşı olduğunu hələ rayona gəlməyəcəyini demişdir. Yaşadığı evləri iki mərtəbəli olmuşdur. O, oğlu ilə birlikdə evin ikinci mərtəbəsində qaynanası, qaynatası ilə birlikdə isə evin birinci mərtəbəsində olmuşlar. Keçmiş həyat yoldaşı ilə danışdıqdan sonra yatmışdır. Axşam təxminən saat 2 radələrində qaynanası aşağıdan onu çağırmışdır. O, adətən qaynanasının qan təzyiqini ölçdüyü üçün qaynanası onun çağırır. Qaynanası onu çağırdığından yatdığı zaman açarla bağladığı otağın qapısını açmışdır. Bu zaman keçmiş həyat yoldaşını əlində bıçaqla görmüş, qorxub kənara çəkilmişdir və nə olub, niyə gəlmisən deyə soruşmuşdur. Keçmiş həyat yoldaşı ona Raulun kim olduğu barədə sual vermiş, o, isə cavab verməmişdir. Daha sonra ondan telefonunu istəmiş oda vermişdir. Keçmiş həyat yoldaşı qışqıraraq “sən kiminlə görüşürsən” deyə soruşmuş, oda şok vəziyyətində olduğu üçün bircə “Nihad yatıb qışqırma” demişdir. Daha sonra keçmiş həyat yoldaşı ona Nihadı götürməsini demiş, oda Nihadı qucağına götürüb aşağı düşmüşlər. Bu zaman qaynanası qapıdan çıxmış və onların hara getdiklərini soruşmuşdur. Keçmiş həyat yoldaşı cavabında qəbristanlığa getdiklərini, uşağı ondan almasını demişdir. Qaynanası da heç bir sual vermədən hər şeyi normal qarşılayaraq uşağı ondan almışdır. Daha sonra keçmiş həyat yoldaşı ona maşına əyləşməsini demiş, oda gedib maşına oturmuşdur. Keçmiş həyat yoldaşı maşını işə salıb yola düşmüşlər. Güllütəpə kəndinin ərazisində olduqları zaman keçmiş həyat yoldaşı ona “Əsmər mən sənin nəyini əskik etmişdim ki, sən mənə xəyanət etmisən” demişdir. Oda cavabında “sən mənim nəyimi tam etmisənki” demişdir. Bundan sonra yollarına davam etmişlər və gəlib rayon ərazisində polis şöbəsinin keçmiş binasının yaxınlığında yerləşən qəbristanlığın qapısının qarşısında maşını saxlamış və ona maşından düşməsini demişdir. O, isə gecə vaxtı olduğu üçün qorxduğu üçün maşından düşməmişdir. Daha sonra keçmiş həyat yoldaşı gəlib maşının qapısını açaraq onun sol qolundan tutub maşından çıxarmağa başlamış və əlində olan bıçağı onun belinə dayayaraq onu maşından çıxarmışdır. Daha sonra onu sol qolundan tutaraq qəbristanlığın içinə salmışdır. Qəbristanlıqda ətrafında işıqlar yanan qəbri ona göstərərək “səndə onlar kimi olacaqsan” demişdir. Bundan sonra qardaşı Coşqun ona zəng vurub “heç bir şey eləmə, dəymə ona, gətir söhbət edək” demişdir. Eləcədə Elvin atası ilədə danışmışdır. Bundan sonra fikrindən daşınmış və onu qardaşıgilə aparmışdır. Qardaşıgilin qapısına çatdıqları zaman keçmiş həyat yoldaşı maşından düşüb qardaşının həyətinə girmişdir. O, isə qorxduğu üçün maşında qalmışdır. Daha sonra qaynı gəlib maşının qapısını açıb onun əlindən tutub qorxma gəl içəri demişdir. Hətta qaynı onu qucaqlamış və onu qapıdan içəri salmışdır. Keçmiş həyat yoldaşı ondan telefonunu açmasını istəmiş o, isə qorxduğu üçün heç bir söz deyə bilməmişdir. Sonradan özünə gəlib telefonu açmışdır. Halbuki onun telefonunun kodunu hamı bilmişdir. Daha sonra onun telefonunda nəsə etmişlər və Elvin ona yaxınlaşaraq ona bir sillə vurub ona xəyanət etdiyini demişdir. Bundan sonra qaynanası, qaynatası zəng vurub atasını çağırmalarını demişlər. Sonradan isə qaynatası aparın atın atasıgilin qapısında demişdir. Bundan sonra keçmiş həyat yoldaşı “qoy qayçını gətirim saçlarını kəsim ondan sonra aparıb təhvil verim” demişdir. Lakin keçmiş qaynı ona icazə verməmişdir. Bundan sonra maşına əyləşib yola düşmüşlər. Yolda keçmiş həyat yoldaşı maşını saxlayıb siqaret almaq üçün mağazaya getmiş, bu zaman keçmiş qaynı başına arxadan sillə ilə vurub ona “elə bilirsən bundan sonra hər şey sənin üçün yaxşı olar, dahada pis olacaq, başına oyun açacağıq sənin” demişdir. Sonra keçmiş həyat yoldaşı gəlmiş və onlar yollarına davam etmişlər. Yolda təxminən Banbaşı kəndində olduqları zaman atasına zəng edərək qızını gətiririk demişlər. Atasının evinin qapısına çatdıqdan sonra ona bundan sonra sənin üçün hər şey çətin olacaq demişlər. Atası onlardan nə olduğunu soruşduğu zaman atasına heçnə olmayıb sabah danışarıq demişlər. Daha sonra atası əlindən tutub onu evə aparmışdır. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsinin təqdim etdiyi 29 iyul 2023-cü il tarixli, 708 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər müəyyən olundu: a)döş qəfəsinin arxa hissəsinin kəsilmiş səthi yarası, b)sol diz nahiyyəsinin sıyrığı, ənsə, sağ bazu və sağ diz nahiyyəsinin qançırı. a) bəndində qeyd olunan xəsarət kəsiçi əşyanın, ola bilər ki, bıçağın, bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanm (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 27 iyul 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi sübut olunmur. Belə ki, inzibati protokolun tərtib olunmasına əsas olmuş cinayət işinin başlanmasının rədd olunması barədə qərarda zərərçəkmiş Zərərçəkmiş şəxs izahatından başqa Şəxs inzibati xəta törətməsi barədə mötəbər dəlil yoxdur. Polis şöbəsində dindirilmiş şahidlər isə Zərərçəkmiş şəxs izahatını təkzib etmişlər. Qeyd olunalar onu göstərir ki, aparılan araşdırma zamanı Şəxs inzibati xəta törətməsini təsdiq edən mötəbər və təkzib olunmaz sübutlar yoxdur. Həmçinin Zərərçəkmiş şəxs polis şöbəsində verdiyi izahatında qəbristanlığın qapısının qarşısında Şəxs idarə etdiyi avtomobili saxlayaraq onun əyləşdiyi qapını açıb ona düşməsi ilə bağlı işarə verdikdən sonra maşından düşdüyünü və Şəxs onun əlindən tutaraq qəbristanlığa apardığını qeyd edir. Məhkəmə iclasında verdiyi izahatında isə Şəxs onu sol qolundan tutaraq maşından çıxardığını və sol qolundan tutaraq qəbristanlığa saldığını qeyd edir. Lakin verilmiş ekspert rəyində isə Zərərçəkmiş şəxs sağ bazu nahiyyəsində qançır olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1-115.1.7.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, istər inzibati xəta haqqında protokolda, istərsə də cinayət işinin başlanmasının rədd olunması barədə qərarda İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsini təsdiq edəcək və əsaslana biləcək faktik məlumatlar, müəyyən edilmiş hallar öz əksini tapmır. Araşdırma aparılarkən döyülməni təsdiq edən şahid izahatları alınmamışdır. Məhkəmənin qeyd etdiyi xüsusatlar Şəxs təqsirli olmasına kifayət qədər şübhələr yaradır və Azərbaycan Respublikası İXM-nin 8.3.-cü maddəsinə əsasən həmin şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 8.2. və 8.3.-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə çübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qsəd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protoklu tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs inzibati xəta törətməsi barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyi üçün həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-596/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-596/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver