Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-6/2025 17.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş orqanın nümayəndəsi DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-cı ildə Masallı rayonu, Meşəkənarı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Meşəkənarı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 dekabr 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 08 dekabr 2024-cü il tarixdə saat 23:11 radələrində Masallı rayonu, H.Əliyev prospektində “Mercedes Benz C 180” minik markalı, **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospekti ərazisində xidməti maşında hərəkətdə olan zaman yol kənarında olan nəqliyyat vasitəsinin hərəkətə başlanması və onları görüb nəliyyat vasitəsinin saxladığını müşahidə etmişlər. Onlar həmin nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşaraq sənədlərini yoxlamış, içkili olub-olmamasını müəyyən etmək üçün sərxoşluq müayinəsindən keçirmişlər. Sürücü alkoltestin müayinəsindən keçirmiş, yoxlama zamanı alkoqollu içkidən istifadə etməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “şadlıq sarayının” qarşısında saxlamış və toy mərasiminə getmişdir. Toydan çıxdıqdan sonra içkili olduğu üçün ayıq sürücü kimi əmisi oğlunu çağırmış və onu gözləmişdir. Hava soyuq olduğuna və ailə, uşağı maşında olduğuna görə maşını işlək vəziyyətə gətirmiş və maşında olan istilik sistemini yandırmışdır. Bu zaman yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq, içkili vəziyyətdə maşın idarə etməsini bildirmişlər. O, alkotestr müayinəsindən keçirilmiş və içkili olduğu müəyyən edilmişdir. O, içkili olmasını etiraf edir. Lakin içkili vəziyyətdə maşını idarə etməmiş, maşını dayandığı yerdə polis əməkdaşları onu saxlamışdır. Göstərilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsindən görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda “100 qram araq içmişəm” qeydi aparılmış və imza etmişdir. İş materiallarında olan Şəxs tərəfindən imzalanmış izahatda göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, **-GR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. Həmin tarixdə xəstə uşağı maşında olduğu üçün maşını işlək vəziyyətə gətirib, maşının peçini işə salmış və özü də maşını idarə etmək üçün ayıq sürücü çağırmışdır. Həmin vaxt polis əməkdaşları gəlib maşını idarə etmədiyini müəyyənləşdirməsinə baxmayaraq maşınını aparıb duracağa yerləşdirmişlər. Onun maşını əsassız olaraq duracağa yerləşdirilmişdir. Odur ki işə baxılaraq, xitam edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilən zaman Şəxs yol kənarında olan avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqda idarə etdiyi avtomaşını bir-iki metr hərəkətə gətirdiyi, polis əməkdaşlarına məxsus nəqliyyat vasitəsinin qarşıdan gəldiyini gördükdən sonra saxladığı, o cümlədən nəqliyyat vasitəsinin dayanacaqda olan digər nəqliyyat vasitələrindən bir- iki metr irəlidə olması müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Belə ki, iş materiallarında olan CD diskə baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini bir-iki metr hərəkətə gətirmiş, lakin baş yolda olan polis əməkdaşlarına məxsus nəqliyyat vasitəsini gördükdən sonra nəqliyyat vasitəsinin hərəkətini dayandırmışdır. Bundan başqa videodiskə baxan zaman Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin digər nəqliyyat vasitələrindən bir iki metr öndə dayandığı müəyyən olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1-ci maddəsinə əsasən nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2-ci maddəsinə əsasən ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3-cü maddəsinə əsasən özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 27.2-ci maddəsinə əsasən bu məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən halı onun himayəsində 1 azyaşlı uşağının olmasıdır. İnzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-6/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-6/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver