Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-610/2025 10.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Şəxs haqqında Masallı Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334-1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin YPX-nin inspektoru, polis serjantı Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1, 332.1 və 334-1.1-ci maddələri ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:05 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Mercedes Benz 190” minik markalı, ** NR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 334-1.1-ci maddələrində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1 və 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolun barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxslə tanış edilməsi və protokolun surətinin şəxsə təqdim edilməsi müəyyən edilməmiş, əgər protokol təqdim edilmişdirsə, nə Şəxs həmin protokolun surətini alması barədə imza etməmiş, nə də şəxsin protokolu almaqdan imtinası barədə protokolu tərtib etmiş səlahiyətli şəxs tərəfindən müvafiq qeydiyyat aparılmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta düzgün tərtib edilmədiyindən baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs yeznəsinə məxsus avtomobili etibarnamə olmadan idarə etmiş, avtomobili idarəkən mariuxana istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olmuşdur. Həmin əmələ görə İXM-nin 334-1.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Avtomobili idarə edərkən şəxsin sürücülük vəsiqəsi olsa da, etibarnamə olmadan avtomobili idarə etdiyindən onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İXMnin 332.1-ci maddədə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyə görə) nəzərdə tutulmuş inzibati xəta həmin vəziyyətdə sərxoş halda avtomobili idarə etməyə görə İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əhatə olunduğundan şəxsin eyni zamanda 332.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi nəticəsinə gəlinməsi düzgün olmamışdır. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən protokol tərtib edilərkən şəxs tərəfindən 332.1 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi ilə bağlı qeydlər aparılmışdır Eyni zamanda məhkəmə qeyd edir ki, şəxs tərəfindən yuxarıda qeyd edilən inzibati xətanı törətməsi aşkar edilərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi də müəyyən edilmiş, bununla bağlı məsuliyyət nəzərdə tutan İXM-nin 329.1-ci maddəsi də tərtib edilmiş protokola əlavə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxmaq səlahiyyəti məhkəmənin səlahiyyətinə aid olmamaqla DİN-nin səlahiyyətinə aiddir. Belə olan halda, həmin maddənin protokolda göstərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334-1.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106,109 və 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334-1.1-ci maddələri ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-610/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-610/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver