Məhkəmə qərarları › İş №3(050)-659/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-659/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-659/2025 12.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1982-ci ildə Masallı rayonu Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, yol polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim edərək ödənilməmiş cəriməsinin olduğunu bildirmişlər. Oda polis əməkdaşlarından ödənilməmiş cəriməsinin nə qədər olduğunu soruşmuşdur və ödəmək istədiyini bildirmişdir. Lakin polis əməkdaşları cəriməsinin nə qədər olduğunu deyə bilməyəcəklərini bildirmişlər. Onunda mobil telefonuna cərimə olunması ilə bağlı SMS bildiriş gəlməmişdir. Daha sonra polis əməkdaşları avtomobilinin başqa şəxs tərəfindən idarə olunması ilə bağlı kiməsə etibarnamə verib-vermədiyini soruşmuşlar. Oda qardaşına etibarnamə verdiyini və ola bilərki SMS bildirişin qardaşına gəldiyini və qardaşıda ona bu barədə məlumat vermədiyini, cəriməni isə ödəməyə hazır olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı ona avtomobildən düşməsini demiş, o, isə avtomobildən düşə bilməyəcəyini nə lazımdırsa dedə biləcəklərini bildirmişdir. Sonra isə polis əməkdaşı ona avtomobilində əlavə dəyişiklik etdiyini, avtomobilin damını rənglədiyini bildirmişdir. Sonra o, polis əməkdaşına neçə yaşına var demiş, polis əməkdaşıda ona 12 yaşının olduğunu demişdir. Ona görə soruşmuşdur ki, avtomobilin damı tam olaraq qara rəngli şüşədir, yəni adi uşaq belə görüb onu anlayacaqdır. Sonra isə polis əməkdaşına rədd ol burdan demişdir. Bundan sonra polis əməkdaşları hücum çəkərək avtomobilin qapısını açıb maşından düşməsini bildirmişlər. O, isə maşının qapısını tutaraq maşından düşməmişdir. Sonra maşının qapısını buraxmış və polis əməkdaşları maşının qapısını açmışlar. Hər iki polis əməkdaşı ondan yapışıb onu maşından çıxarmışlar. Polis əməkdaşlarından biri avtomobili söndürərək açarlarını çıxarmış oda təhlükəsizlik kəmərini açdıqdan sonra polis əməkdaşları onu maşından çıxarmışlar. Maşından çıxdıqdan sonra isə rahat şəkildə danışmışlar və nə o, polis əməkdaşlarının üzərinə qışqırmış, nədəki polis əməkdaşları onun üzərinə səsini yüksəldmişlər. Sonra polis əməkdaşlarına izah etmişdir ki, avtomobilin tavanı rənglənməmişdir, avtomobilin tavanı hamısı şüşədir. Daha sonra polis əməkdaşı Kamal avtomobilin əlavə avadanlığa görə duracağa gedəcəyini bildirmişdir. Oda etiraz etməmişdir. Sonra isə polis əməkdaşı avtomobili özünün idarə edə bilməyəcəyini bildirmiş digər polis əməkdaşının idarə edəcəyini bildirmişdir. O, isə maşınını başqa bir şəxs tərəfindən idarə olunması ilə razılaşmamış və evakuator çağırılmasını və hətta evakuatorun pulunu belə verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Kamal onu vuraraq boğazından yapışıb maşına salmışdır. O, isə polis əməkdaşına heç bir müqavimət göstərməmişdir. Bundan sonra isə polis əməkdaşları onun avtomobilini özləri idarə edərək onu və avtomobilini polis şöbəsinə gətirmişlər. Məhkəmədən barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, 11,03.2025-ci il tarixdə saat 17:50 radələrində köhnə Ələt-Astara yolunun 161-ci km-nin Masallı rayonu Digah kənd ərazisindən keçən hissəsində BDYPİ-nin YPXA- nın YPX-nin inspektoru polis baş serjantı Elxan Xalıqzadə ilə birlikdə xidmətdə olduğu zaman, “Mercedes Benz E270 CDİ” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iki aydan artıq ödənilməyən cəriməsi olduğundan tərəflərindən saxlanılmışdır. İnspektor sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünün avtomaşına aid olan sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücüyə ödənilməyən cəriməsinin olduğunu izah etdikdə, sürücü əsəbi halda, uca səslə, rədd olun buradan deyərək, ünvanlarına nalayiq ifadələr işlətmişdir. İnspektor onu nizam intizama dəvət etsədə sürücü əl-qol hərəkətləri ilə inspektoru özündən uzaqlaşdırmağa çalışırmışdır. O, xidməti avtomobilindən yerə düşərək sürücünü nizam intizama dəvət etsə də, sürücü onların qanuni tələblərinizə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Onlar sürücünü öz avtomobilinə əyləşdirərək Masallı RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Simran Haxverdiyev tərəfindən 11 mart 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 mart 2025-ci il tarixdə saat 19:20-də inzibati qaydada tutulmuş, 12 mart 2025-ci il tarixdə azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar