Məhkəmə qərarları › İş №3(050)-661/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-661/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-661/2025 13.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı şəhəri, Digah küçəsi ev 76-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Hacıyev X3 Rayon Məhkəməsinin 2(050)-298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 298/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 30000 (otuz min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30030 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinə əsasən icraata başlama haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Tərəflərin qərarı alması ilə bağlı icra işində məlumat vardır. Məhkəmə qərarında göstərilən məbləğindən tələbkar icra şöbəsində xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq 10000 (on min) manatının ödənildiyini 20000 (iyirmi min) manatın qaldığını bildirmişdir. Borclu isə 10600 manat ödədiyini bildirmişdir. Tələbkarla bununla bağlı əlaqə saxlanıldığı zaman tələbkar 10600 manatın ödənildiyinə etirazının olmadığını bildirmişdir. Əgər tələbkar 10600 manatın ödənildiyini qəbul edirsə o zaman borclunun tələbkara 19430 manat borcu qalmışdır və tələbkar həmin borcu tələb edir. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra təbdirləri olaraq borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmış və bu barədə məlumat Ədliyyə Nazirliyinə göndərilmişdir. Bundan başqa borclunun adına elektron informasiya sistemində çıxmış məlumata əsasən “RAF 2203” mikroavtobus markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş və bununla bağlı məhkəməyə təqdimat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur və əmlakın axtarışı ilə bağlı müvafiq orqanlara məlumat göndərilmişdir. Bundan başqa əmlak gəlirləri aşkar olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkara borcu olmuşdur. Tələbkarla aralarında 30000 manat borcla bağlı müqavilə bağlanmışdır. Aralarında avtomobil və 15000 manat pulla bağlı borc yaranmışdır. 6 il öncə 6 aylıq müqavilə bağlamışlar. Hər ay tələbkara 1500 manat olmaqla 6 ay ərzində 9000 manat faiz vermişdir. Daha sonra bankdan 30000 manat pul götürüb borcunu ödəmək istəmişdir. Sonradan bankdan tələbkarın öz xahişi ilə tələbkarın və oğlunun adına 9800 manat və 19600 manat pul götürüb 200 və 400 manatda özü həmin pulların üzərinə qoyub tələbkarın borcunu tam şəkildə ödəmişdir. Oda 19 ay olmaqla ayda 1980 manat banka ödəniş etmişdir. Günün birində münasibətləri pisləşdiyi üçün tələbkar ona qarşı məhkəmədə 30000 manat pul tələbi ilə bağlı iddia qaldırmışdır. Onun əslində tələbkara heç bir borcu yoxdur. Lakin borcu ödədiyini sübut edə bilmədiyi üçün hazırkı qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, borc edərək 7000 manatı birdəfəyə və hər ay 300 manat ödəməklə ümumilikdə 10600 manat pulu tələbkara ödəmişdir. Onun tələbkara borcu şərləmə ilə qalmışdır. Tələbkar əgər istəsə qalan borcunuda ayda 100 manat ölmaqla verə biləcəkdir. Maddi imkanı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun dedikləri yalandır. Borclu qanuna tabe olmur. Onu və Dövlət orqanının əməkdaşlarını təhqir edir. Borclunun 100 metr uzunluğunda obyekti vardır. Borcludan borcunu tam şəkildə ödəməsini tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində ciddi cəza tədbirlərinin görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs Masallı Rayon İcra və probasiya şöbəsinə ünvanlanmış olduğu teleqramın surətindən və proses iştirakçılarının izahatlarından görünür ki, Şəxs 10600 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, Şəxs əmlak məlumatları ilə bağlı ona məxsus fərdi yaşayış evi, torpaq sahəsi və avtomobil nəqliyyatı məlumatları tapılmamışdır. Əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Eyni zamanda icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-1. Tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə icra məmuru tərəfindən 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə X1 Sistemində müvafiq qeyd aparılmalıdır. 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 48.1. Tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. 48.2. Girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 50.3. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. 50.6. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. 50.7. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir. Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə, əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır. 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar borcundan böyük məbləğdə ödəniş etmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun adında olan avtomobil nəqliyyatının üzərinə həbs qoyulmuş və əmlakın axtarışı ilə bağlı müvafiq orqanlara məlumat göndərilmişdir. Lakin icra məmuru tərəfindən borclunun mülkiyyətində daşınmaz əmlak olub-olmaması ilə bağlı ərazi idarəsinə sorğu göndərilərək cavab alınmamışdır. Elektron sistemdən çıxarışdan isə görünür ki, borclunun mülkiyyətində fərdi yaşayış evi və torpaq sahəsi vardır. Odur ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin əmlaklarla bağlı müəyyən tədbirlər görməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar