Məhkəmə qərarları › İş №3(050)-671/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-671/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-671/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil Tarıverdi oğlunun iştirakları ilə, xx.xx.1980-ci ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Saray qəsəbəsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 may 2023-cü il tarixdə ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə avtomaşının qeydiyyatı ilə bağlı Lənkəran şəhərinə gəliş və avtomobili öz adına qeydiyyata almışdır. Bir gecə qaldıqdan sonra bu gün, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinə qayıtmaq üçün yola çıxmışdır. Bu zaman Masallı rayonunda yerləşən postda polis əməkdaşları ona saxla işarəsi vermişlər oda əmrə tabe olaraq maşını saxlamışdır. Bu zaman polis əməkdaşları sənədlərin yoxlanılması üçün onu postun binasına dəvət etmişlər. Oda etiraz etmədən həmin polis əməkdaşı ilə birlikdə getmişdir. Həmin vaxt oğluda onunla birlikdə gəlmişdir. Lakin polis əməkdaşları oğluna gözləməsini bildirmiş, oda oğluna onu gözləməsini bildirmişdir. Postun binasında olduqları zaman polis əməkdaşı ona 200 manat verəcəyi təqdirdə onun sürücülük hüququnun məhdudlaşdırılması xitam olunacaqdır. Belə ki, təxminən 4 il əvvəl barəsində 45 ədəd cərimə protokolu tərtib edilmişdir. O, həmin protokollar üzrə yaranmış cərimələri ödəmişdir. Lakin cərimələri gec ödədiyindən sürücülük hüququ məhdudlaşdırılmış onun isə bundan xəbəri olmamış, bunu ona heç kim izah etməmişdir. Polis əməkdaşı ilə danışdığı zaman qapının arxasından səs gəldiyini eşitmişdir. Səs gələn tərəfə baxdıqda isə oğlu ilə polis əməkdaşlarının mübahisə etdiyinin şahidi olmuşdur. Mübahisə zamanı polis əməkdaşları oğlunu vurmağa başlamışlar, oda polis əməkdaşlarına oğlunu vurmamasını demişdir. Həmçinin polis əməkdaşlarına “oğlumu vurmayın sizin ananızı ağaladaram” demişdir. Bu sözü isə o, oğlunun döyülməsi ilə bağlı onların barəsində Dövlət orqanlarına şikayət edəcəyi mənasında demişdir. Əgər polis əməkdaşları onun bu sözünü söyüş mənasında anlamışlarsa o, polis əməkdaşlarından bununla bağlı üzür istəməyə hazırdır. Bu sözü dedikdən sonra polis əməkdaşları onu yerə yıxaraq vurmağa başlamışlar. Onu döydükdən sonra isə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində barəsində protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmədən göstərilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yeni Ələt-Astara yolunun Masallı rayonu Sərçuvar kəndi ərazisində yerləşən 726 saylı stasionar postunda xidmət zamanı Opel Astra markalı **-CD-*** d.q.n. avtomobil tərəfindən saxlanılmışdır. Özünü sürücüyə təqdim edərək saxlanılma səbəbi barədə məlumat vermiş və sənədlərini təqdim etməsini tələb etmişdir. Sənədlərə baxış zamanı məlum olmuşdur ki, sürücü 1980-ci il təvəllüdlü Lerik rayonu Çayrud kəndində qeydiyyatda olan Şəxs BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumata görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu barədə sürücüyə avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi barədə məlumat vermişdir. Bu zaman sürürcü Şəxs və oğlu Əli Abbasov hər ikisi avtomobildən düşərək kobud formada ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladılar. Orada yaranmış səs-küyə BDYPİ-nin YPXA-nın 11-ci tağımının baş inspektoru polis kapitanı Yaquvov Ramil və inspektor polis baş serjantı Cavid Həsənov yaxınlaşdılar. Onlar birlikdə həmin şəxslərə etdikləri əməlin inzibati xəta olduğunu bildirib nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz hərəkətlərini davam etdirib onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra hər iki şəxs Masallı RPŞ-nə gətirilmişdir. RPŞ-də Şəxs və X4 barəsində inziabti qaydada protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən 04 may 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlləri etiraf etməsə də, onun təqsiri şahidlərin izahatı, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən, saat 16:00-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Abbasov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar