Məhkəmə qərarları › İş №3(050)-690/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-690/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-690/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdulrəhman oğlunun iştirakı ilə. xx xxxxxx 1947-ci ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Seybətin küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan Şəxs Abdulrəhman oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Abdulrəhman oğlu 28 aprel 2023-cü il tarixdə saat 00:00 radələrində idarə etdiyi “VAZ 2101” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Digah küçəsi ərazisində hərəkətdə olarkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs Abdulrəhman oğlu bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdulrəhman oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, 28 aprel 2023-cü il tarixdə dostunun oğlunun məclisində olmuşdur. Məclisdə 50 qram tut arağı içmişdir. Məclis bitdikdən sonra başqa dostunu evinə aparmışdır. Dostunu eve apardıqdan sonra öz evinə getməyə başlamışdır. Masallı şəhəri ərazisində işıqforların tələblərinə riayyət edərək hərəkət etmişdir. Sonuncu işıqfordan qanunla müəyyən edilmiş qaydada keçdikdən sonra polis əməkdaşları ona saxlama əmri vermişdir. O, maşını saxladıqdan sonra polis əməkdaşları özlərini təqdim etdikdən sonra ondan içkili olub-olmamasını soruşmuşlar. O, da səmimi olaraq içkili olduğunu etiraf etmiş və bununla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Hazırda etdiyi əməldən peşmandır və məhkəmədən ona sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin polis baş serjantı Rəşid Məmmədov tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, AP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs Abdulrəhman oğlu 28 aprel 2023-cü il tarixdə saat 00:00 radələrində idarə etdiyi “VAZ 2101” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Digah küçəsi ərazisində hərəkətdə olarkən xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən görünür ki, Şəxs Abdulrəhman oğlu nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 4.177 %) Odur ki, Şəxs Abdulrəhman oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abdulrəhman oğlunun təqsiri özününü səmimi etirafı, iş üzrə 28 aprel 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Abdulrəhman oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Abdulrəhman oğlu barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Abdulrəhman oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar