Məhkəmə qərarları › İş №3(050)-713/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-713/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-713/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26468879 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə müraciət edərək DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş EQ 26468879 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş EQ 26468879 saylı inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. O, qərarla razı deyil. Çünki onun avtomobili uzun müddətdir ki, işləmir və o, avtomobili idarə etmir. Eləcədə ona polis şöbəsi tərəfindən təqdim edilmiş kamera görüntülərdə olan nəqliyyat vasitəsi VAZ markalı nəqliyyat vasitələrinə bənzəmir, ələxususda VAZ 21070 minik markalı avtomobilə heç bənzəmir. Lakin foto görüntüdə olan avtomobillə onun istifadəsində olan avtomobilin Dövlət qeydiyyat nömrələri biri birinə çox bənzəyirlər. Belə ki, foto görüntüdə olan avtomobilin Dövlət qeydiyyat nömrəsi **-YH-***–dir, onun istifadə etdiyi avtomobilin Dövlət qeydiyyat nömrəsi isə **-XH-***-dir. Eləcədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin sanksiyasında 400 manat cərimə yoxdur, 50 manat cərimə qeyd edilmişdir. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Heç bir inzibati xəta törətmədiyinə baxmayaraq cərimə protokolu tərtib edib vətəndaşı cərimə etmək ədalətsizlikdir. Qanunun tələblərinə görə X2 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Humanizm – insan rifahının, sosial institutların qiymət meyarının, bərabərlilik ədalət kimi bəşəri prinsipləri insanı məhəbbət və ehtiramı müəyyən edir. Qərardan şikayət verən şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, səhvən barəsində cərimə qərarı qəbul edilmişdir. Belə ki, başqa bir maşın inzibati xəta törətmiş olsa da, lakin ona cərimə yazılmışdır. Görüntülərdə də həmin avtomobil görünür. Onun maşını ilə inzibati xəta törətmiş maşının seriyasında olan hərflərdən biri fərdlidir. Onun idarə etdiyi avtomobil VAZ 21070 minik markalı avtomobildir, həmin avtomobil isə Hyundai Accent markalı avtomobildir. Görüntülərdə olan avtomobilin Dövlət qeydiyyat nömrəsi **-YH-***-dir, onun istifadə etdiyi avtomobilin Dövlət qeydiyyat nömrəsi isə **-XH- ***-dir. Bir ilə yaxındır ki, avtomobilini idarə etmir, özü avtomobil təmiri ustasıdır və artıq üç aydır ki, avtomobilini təmir edir. Avtomobilini texniki baxışdan keçirmək istəyir lakin adında cərimə olduğu üçün keçirə bilmir. Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli qərar ləğv edilərək iş yenidən araşdırılması üçün protokol tərtib edən orqana göndəriməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 26468879 nömrəli, 07 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 07 mart 2025-ci il tarixdə, saat 00:14:45 radələrində “VAZ 21070” minik markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 5603 nömrəli kamera ilə qeydə alınmış foto şəkildən görünür ki, “VAZ 21070” minik markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobil qeyd olunsa da, fotoda tamamilə başqa markalı və **-YH-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, NTS5-S.Məmmədov-24A ünvanı yaxınlığı Neapol dairəsi istiqamətində yerləşən radar vasitəsilə çəkilmiş foto şəkildə **-YH-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunsa da, texniki səhv səbəbindən X1 mülkiyyətində olan “VAZ 21070” minik markalı, **-XH-*** dövlət nömrə nişanlı avtomobilə EQ seriyalı 26468879 nömrəli, 07 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 400 manat məbləğində cərimə tətbiq olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Bakı şəhəri Dövlət yol polisi idarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 26468879 nömrəli, 07 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında işə xitam verilməli və iş üzrə yenidən araşdırılma aparılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1. maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 26468879 nömrəli, 07 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. İş üzrə yenidən araşdırılma aparılması Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar