Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-714/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subayhimayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, Masallı şəhəri, H.Aslanov küçəsi ev 20-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-183/2024 saylı icra sənədinə əsasən Şəxs maddi ziyana görə 43561 manat pul və torpaq sahəsinə görə verilmiş 11000 manat, cəmi 54651 manat və ödənilmiş 346,95 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-183/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırda icra sənədi üzrə borclunun 54997 manat məbləğində ödənilməmiş borcu qalmışdır. X1 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-183/2024 saylı icra sənədindən məlumatlıdır. Tələbkara borcunun olduğunu inkar etmir. Tələbkarın ona verdiyi pullar əsasında onun üçün ev tikmiş, ev tikildikdən sonra isə tələbkar evi qəbul etməyərək ondan verdiyi pulların alınması üçün məhkəməyə müraciət etmişdir. İcra sənədi üzrə tələbkar doğma bacısı Məlahət Abdullayevaya borcunun hissə-hissə ödənilməsini və ya evin təmir edilib ona verilməsini bildirsə də, bacısı pulun hissə-hissə ödənilməsindən və evin adına rəsmiləşdirilməsindən imtina etmiş, pulun tam şəkildə ona ödənilməsini tələb etmişdir. Bu səbəbdən borcun hissə-hissə ödənilməsi ilə bağlı bacısı ilə razılığa gələ bilməmişdir. Lakin, icra sənədin icrasından yayınmaq fikri yoxdur. Belə ki, iki ay müddətində tələbkarın pulu ilə tikilmiş evi satacağını, evin satışından əldə etdiyi pulu tam şəkildə tələbkar bacısı Məlahət Abdullayevaya verilməsini təmin edəcəkdir. Hazırda borcun tam şəkildə ödənilməsini təmin etmək üçün maddi imkanı yoxdur. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)- 183/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətaya görə səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs tənbeh tətbiq edilməsi məsələsinə baxarkən məsuliyyətini yüngülləşdirən halı (əməlindən səmimi peşman olmasını), onun şəxsiyyətini (ali təhsilli olmasını), müvafiq iş yerinin olmasını, inzibati həbs növündə tənbeh tətbiq ediləcəyi halda, işdən azad edilmək təhlükəsinin olmasını, işdən azad olunacağı halda icra sənədi üzrə öhdəliyinin icrasında daha da çətinliklərinin yaranacağını əsas götürərək, ona maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-714/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-714/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver