Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-728/2023 11.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 11 may 2023-cü il tarixdə Masallı şəhərində küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi və qohumudur. Ramizlə görüşdükləri zaman aralarında həmişə bir-biriləri ilə nəlayiq zarafatlar etmişlər. xx.xx.2023cü il tarixdə Masallı şəhərində yerləşən “Xan” sarayının yaxınlığında olarkən həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Həmişə olduğu kimi Ramizlə nalayiq zarafatlar etmişdir. Lakin Ramizi söyməmişdir. Bu dəfə Ramizlə etdiyi zarafat Ramizin xətrinə dəymişdir. Səbəb isə arvadının yanında olması olmuşdur. Həmçinin həmin vaxt içkili olmuşdur. Etdiyi zarafatlar xətrinə dəydiyi üçün Ramiz DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Polis əməkdaşları oraya gəldiyi zaman onu nizam intizama dəvət etmişlər, onu polis şöbəsinə dəvət etmişlər o, isə içkili olduğu polisin tələblərinə tabe olmamışdır. Məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində arvadı və nəvələri ilə birlikdə nəvələri üçün paltar almaq üşün bazara getmişlər. Masallı şəhəri ərazisində yerləşən Xan şadlıq sarayının yanında olduğu zaman həmkəndlisi və qohumu Şəxs qəflətən ona yaxınlaşaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən də aralarında mübahisə olmuşdur. Həmçinin Şəxs həmin vaxt içkili olmuşdur. O, vəziyyətin belə olduğunu görüb ondan uzaqlaşmaq istəsədə mümkün olmamışdır. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra İlqarı sakitləşdirmək istəsələrdə mümkün olmamışdır. İlqar polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də həmin əraziyə post-patrul xidmətinin əməkdaşları gəlmişlər. Lakin İlqar onlarında qanuni tələblərinə məhəl qoymamışdır. Şəxs onu ictimaiyyət qarşında, insanların sıx toplaşdığı ərazidə söyərək təhqir etmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbirlər görülməsi barədə qərər qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Simran Haxverdiyev tərəfindən 11 may 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İşdə olan 11 may 2022-ci il tarixdə saat 13:09 radələrində tərtib edilmiş 01845 nömrəli alkotestr aktından görünür ki, Şəxs sərxoş vəziyyətdə olmuşdur (alkoqolun miqdarı 0,418%). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özününün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs inzibati yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Ona görə də Şəxs inzibati xətanı sərxoş halda törətdiyi üçün məsuliyyəti agırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 11 may 2023-cü il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qədirov X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-728/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-728/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver