Məhkəmə qərarları › İş №3(050)-750/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-750/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-750/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Protokol tərtib etmiş Masallı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 27 mart 2024-cü il tarixdə, saat 12 radələrində Masallı Rayon Polis Şöbəsinin inzibati binasında ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuluqanlıq etmiş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 27 mart 2024-cü il tarixdə onun və həmkəndlilərinin barəsində edilən şikayətlə bağlı Masallı RPŞ-nin Təhqiqat Bölməsinə dəvət olunmuşlar. Barəsində edilən şikayət əsassız olduğu üçün əsəblərini cilovlaya bilməyib uca səslə öz narazılığını bildirmiş, həmin vaxt onu sakitləşdirmək istəyən təhqiqatçı Zaur Zeynalov və digər polis əməkdaşlarına əhəmiyyət verməyib öz hərəkətlərini davam etdirmişdir. Hazırda etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Eyni zamanda ilk dəfə inzibati xəta törətməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X6 izahatında göstərdi ki, icraatında olan xx.xx.2024-cü il tarixli, HK-1/752 saylı materialın icrası ilə bağlı 27 mart 2024-cü il tarixdə, saat 12 radələrində RPŞ-nin inzibati binasında Qədirli kənd sakinləri X4, X7, X8, X3 və Şəxs izahatları alındıqdan sonra onlar xidməti otağında uca səslə aparılan araşdırmadan, qanundan narazı olduqlarını bildirib hay-küy salmışlar. Onları nizam intizama dəvət etsə də, onun qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Bundan sonra adları qeyd olunan şəxslər RPŞ-nin növbətçi hissənin qarşısında ucadan ünvansız nalayiq söyüşlər söyüb növbətçi hissənin və inzibati binada xidmətdə olan digər polis əməkdaşlarının iş fəaliyyətini pozmuşlar. Həmin vaxt yenə onları intizama dəvət etsələr də, qeyd olunan şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişlər. Bu səbəbdən də raportla RPŞ-nin rəisinə müraciət edərək həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İşə əlavə olunmuş 27 mart 2024-cü il tarixli, AZA 007381 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2024-cü il tarixdə, saat 14:00-da tutulmuşdur. Məhkəmə prosses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 27 mart 2024-cü il tarixli, MN ******* və MN ******* saylı protokolları, həmçinin materiala əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXMnin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs səmimi peşmançılığı və ilk dəfə inzibati məsuliyyətə cəlb olunması iş üzrə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunan Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona təyin ediləcək cərimə tənbehi zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 112, 114, 117 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar