Məhkəmə qərarları › İş №3(050)-756/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-756/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-756/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1997-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:14 radələrində Masallı Rayon Polis şöbəsinin inzibati binasında nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa Şəxs eyni tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etdi ki, Yusif adlı dostunun avtomobili Masallı RPŞ-nin cərimə meydançasında saxlanıldığı üçün xx.xx.2024-cü il tarixdə dostu ilə birlikdə RPŞ-yə gəlmişdir ki, cərimə yazılsın ödəsinlər və avtomobili cərimə meydançasından götürsünlər. Yusiflə birlikdə RPŞ-yə getməsinə səbəb həm dostu olması həmdə ona məxsus avtomobiln ehtiyat hissələrinin Yusifə məxsus avtomobilin yük yerində olması olmuşdur. Belə ki, Yusif avtomobil təmiri ustası olmaqla ona məxsus avtomobili təmir edəcəkdi deyə ona məxsus avtomobilin ehtiyat hissələri Yusifin avtomobilinin yük yerində olmuşdur. Lakin polis şöbəsində həmin ehtiyat hissələrinin götürülməsinə şərait yaradılmamışdır. Odur ki, o, RPŞ-nin girişində durmuş polis əməkdaşlarına Yusifə məxsus avtomobilin yük yerində olan ona məxsus avtomobilin ehtiyat hissələrinin götürülməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Həmin polis əməkdaşları bildirmişlər ki, DYP-nin əməkdaşlarından biri onlara avtomobildə ona əşyaların götürülməsi ilə bağlı bildirdikdən sonra onlara köməklik edəcəklərini demişlər. Həmin DYP-nin əməkdaşı olan Şəmşir adlı şəxsə müraciət edərək Yusifə məxsus avtomobilin yük yerində olan ona məxsus avtomobilinin götürülməsi ilə bağlı ona köməklik etməsini və polis əməkdaşlarına bu barədə bildirməsini xahiş etmişdir. Şəmşir ona bu barədə başqa şəxsə müraciət etmələrini demişdir. Oda Şəmşir adlı DYP-nin əməkdaşına hazırda ondan başqa əməkdaş olmadığını polis əməkdaşlarına həmin ehtiyat hissələrinin götürülməsində onlara köməklik etmələrini bildirməsini demişdir. Həmin vaxt Şəmşir adlı DYP-nin əməkdaşı onun üzərinə qışqırmışdır. O, isə nəzakətlə Şəmşir adlı DYP-nin əməkdaşına çoban olmadığını, ali savadlı biri olduğunu, küçədən keçən bir şəxs olmadığı onun üzərinə nəyə görə qışqırdığını deyən zaman, Şəmşir adlı polis əməkdaşı ona çobanın böyüyü olduğunu deyərək söyüb təhqir etmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Bu gün səhər yenidən dostu ilə polis şöbəsinə gəlmişdir. Yusif şöbənin inzibati binasına getmişdir ki, maşınını çıxarsın, o isə Yusifi RPŞ-nin həyətinə gedən giriş qapısında gözləmişdir. Bir qədər sonra Yusif qayıdaraq onuda polis şöbəsinə çağırdıqlarını demişdir. xx.xx.2024-cü il tarixdə DYP-nin əməkdaşı Şəmşir onu təhqir etdiyi üçün barəsində DİN-nin 102 xidmətinə şikayət etmişdir. Yusif onu Ariz İsmayılovun çağırdığını demişdir. Oda həmin şikayətlə bağlı çağırıldığını zənn edərək getmişdir. Arizin otağına daxil olduqdan sonra Ariz ona onunla nəyə görə bu tonda danışdığını demiş, o, isə Arizə “mən sizə heç bir söz demədim” demişdir. Ariz İsmayılov stolun üzərindəki əşyaları əli ilə itələyək yerə atmışdır və ona bunu “sən etdin” demişdir. O, iki addım geri çəkilərək əllərini qaldırıb heç bir şeyə əl vurmadığını bildirmişdir. Bu zaman Ariz İsmayılov ona nə üçün onun üzərinə qışqırdığını demiş, o, isə qışqırmadığını demişdir. Daha sonra Ariz İsmayılov onu DYP-nin rəisi Asəfin otağına aparmışdır. Asəfin otağında Asəf və Ariz onu söyüb təhqir etmişlər, daha sonra otağa Yusifi gətirmişlər və onlar Yusifidə söyüb təhqir etmişlər. Daha sonra onlara “qudurubsuz şikayət edirsiz, sizə sutka verdirərəm ataram içəri” demişdir. O, isə cavabında qanunsuz hərəkət edildiyi üçün şikayət etdiyini bildirmişdir. Asəflə danışdığı zaman qəfildən Ariz İsmayılov onu yumruqla vurmuş və ağzı partlamışdır. Həmin vaxt Yusifdə orada olmuşdur. Hazırda Yusif polis şöbəsindədir və onun məhkəmə prosesi bitməyincə onu polis şöbəsindən buraxmayacaqlar. Onun vurulmasının şahidi həmin Yusif adlı şəxsdir. Vüsal adlı polis əməkdaşı isə Ariz İsmayılov onu vurduğu zaman otaqda olmamışdır. Vusal gəldiyi zaman onun ağzı qanamış, qan stolun üstünə səpələnmiş, ağzını sildiyi qanlı salfetlər isə stolun üzərində olmuşdur. Daha sonra onu rəisin yanına aparmışlar, barəsində raport tərtib olunmuş və o, raportla razı olmadığını bildirmiş bu barədə yazdığı izahatındada qeyd etmişdir. Şəmşir adlı polis əməkdaşı ilə ümumiyyətlə bu gün polis şöbəsində rastlaşmamışdır. Vurulması ilə bağlı ekspertiza təyin olunmasını tələb edir. Heç bir nəlayiq ifadə hərəkət etməmiş, söyüş söyməmişdir. O, əvvəllərdə polis əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı şikayətlər etmiş və şikayəti təmin olunmuşdur. O, vurulduğu zaman orada Yusifdən başqa Nail və Əli adlı polis əməkdaşlarıda olmuşlar. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat 11:14 radələrində Masallı şəhər H.Əliyev pospektində Vaz 21074 markalı 44CH551 dövlət nömrə nişanlı avtomaşının sürücüsü avtomaşına əlavə avadanlıq quraşdıraraq idarə etdiyi üçün Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin baş inspektoru polis baş leytenantı X3 tərəfindən saxlanılmış RPŞ-nin müvəqqəti duracağına yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində sürücü Yusif Şirəliyevin yaxın qohumu özünü Şəxs kimi təqdim edən şəxs Masallı RPŞ-nin inzibati binasının 107 otağına gələrək avtomaşının hansı səbəbdən müvəqqəti duracağına gətirilməsini soruşmuşdur. Ona avtomaşında əlavə avadanlığın olması səbəbindən müvəqqəti duracağa yerləşdirilməsini izah edərkən birdən birə yüksək səslə nəlayiq küçə söyüşləri söyməyə başlamışdır, bu zaman səs küyü eşidən RPŞ-nin DYPB-nin BDAM-ı X2 və RPŞnin DYPB-nin YPX-nin baş inspektoru X3 həmin yerə gəlmişlər və onu polisin qanuni tələbinə tabe olmağı izah etmişlər Tərlan buna məhəl qoymadan öz qanunsuz əməllərini davam etdirmişdir. Onlar Şəxs sakitləşdirib barəsində raportla rəhbərliyə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 şahid X1 ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahin Mehrabov tərəfindən 01 aprel 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməsə də, onun əməli şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar