Məhkəmə qərarları › İş №3(050)-764/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-764/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-764/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi 12 mart 2025-ci il tarixdə Masallı rayonu ünvanında, hüquqi şəxs Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri tam və vaxtında yerinə yetirməməsi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, 12 mart 2025-ci il tarixdə Masallı rayonu ünvanında, hüquqi şəxs Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri tam və vaxtında yerinə yetirilmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Şəxs MMC ilə Reklam Agentliyi arasında açıq məkanda reklam lövhələrinin yerləşdirilməsinə dair müvafiq icazə alınmasına, hətta hazırda 77 ədəd ədəd obyekt üzrə MMC tərəfindən “Bizon” və Berq” içkilərin reklamlarının yayılmasına görə müvafiq icazə sənədləri, yəni müqavilənin mövcud olmasına baxmayaraq, həmin müqavilələr üzrə hüquqi şəxs tərəfindən Agentliyini hesabına heç bir ödənişlər aparılmamışdır. Həmin müqavilələr üzrə ödənişlər inzibati xətanın törədildiyi tarixdən sonra məhkəmə prosesinin gedişi zamanı 14 aprel 2025-ci il tarixdə edilmişdir. İcazəsiz reklam paylaşımlarına görə həmin reklam lövhələrinin sökülməsi barədə Şəxs MMC-yə müvafq göstərişlər verilməsinə baxmayaraq, o, yazılı göstərişləri icra etməmişdir. Şəxs MMC hüquqi şəxsdir. Sonda Nümayəndə1 Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən Masallı rayonu ərasizində fəaliyyət göstərən ticarət obyektlərinin qarşısında açıq məkanda “Bizon” və Berq” içkilərinin reklamlarının yayılmasına görə X7 arasında müvafiq müqavilələr bağlanılmaqla, hər bir reklamın yayımına görə müvafiq icazə sənədləri alınmış, MMC tərəfindən müqavilə üzrə illik ödənişlər vaxtında və mütəmadi olaraq həyəta keçirilmişdir. Lakin 2024-cü ildə müqavilə üzrə ödəniş məbləğləri üç qat yüksəldiyinə görə MMC tərəfindən müqavilələr üzrə ödənişlər müvəqqəti olaraq dayandırılmış, ödənişlərin qiymətlərinin artma səbəblərini aydınlaşdırmaq məqsədi ilə MMC tərəfindən müvafiq araşdırmalara başlanılmışdır. Həmin ərəfədə X7 tərəfindən obyektlərə baxış keçirilərək açıq məkanda reklam yayımının ödənişlər edilmədən aparılmasına görə müvafiq aktlar tərtib edilmiş, sonda inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Ödəniş qiymətlərinin artma səbəbi aydınlaşdırıldıqdan sonra MMC tərəfindən X7 arasında müvafiq razılaşmalara əsasən icazə sənədləri üzrə X4 hesabına bütün ödənişlər aparılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Agentliyin hesabına 4708,34 manat və 1043,07 manat ödənişlər edilmişdir. Baxmayaraq ki, reklam yayımına görə müqavilə sayı dəyişməsə də, lakin qiymətlərin üç dəfə artmasının səbəbləri barədə Agentlik tərəfindən MMC-yə heç bir məlumat verilməmişdir. Sonda Nümayəndə2 qeyd olunanları nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Şəxs MMC hüquqi şəxs olaraq vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. xx.xx.2024-cü il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə sənədlərindən və fotoşəkillərdən görünür ki, Şəxs MMC ilə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi arasında Masallı rayonu ərazisində yerləşən obyektlərdə açıq məkanda reklam lövhələrinin yerləşdirilməsinə dair icazələr alınmış, həmin icazələrin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur xx.xx.2025-ci il tarixli 01 saylı aktdan görünür ki, Masallı rayonu ərazisində yerləşən obyektlərin qarşısında Şəxs MMC tərəfindən Bizon” və Berq” içkilərinin reklamlarının yayılmasına görə xx.xx.2024-cü il tarixli icazə sənədlərində nəzərdə tutulan yayım haqqının ödənilməməsi ilə tələblərin pozulması halları müəyyən edilməklə müvafiq icazə olmadan açıq məkanda reklam yayımının aparılması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli 11-3-6/2-215/2025 saylı yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə Masallı rayonu ərazisində yerləşən ticarət obyektlərində açıq məkanda qanunsuz yerləşdirilən reklam yayımının yerlşədirilməsi üçün xx.xx.2024-cü il tarixli icazə sənədlərində nəzərdə tutulan yayım haqqının ödənilməməsi səbəbindən reklam yayımının dərhal dayandırılması və bu barədə “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsinə əsasən 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi müraciət etməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə bildiriş ünvanlanmaqla, xx.xx.2025-ci il tarixli “Yazılı Göstəriş”ə əsasən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması barədə tələbi icra esilməməsinə görə İXM-nin 428.7.3-cü madəsi ilə inzibati xətanın törədildiyi, xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi, protokolun tərtib edilməsi və qəbul edilməsinə görə xx.xx.2025-ci il tarixdə saat 12:15 də Masallı rayonu, H.Əliyev prosekti ünvanında yerləşən “Asan market”in qarşısına nümayəndənini işitrakının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli 01 saylı baxış aktından görünür ki, 26 noyar 2024-cü il tarixli icazə sənədləri əsasında açıq məkanda yayımlanan reklamların haqqının ödənilmədən yayımlanması və bununla bağlı yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi faktına görə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları baş müfəttiş X3 və böyük müfəttiş X1 tərəfindən akt tərtib edilmiş, aktın tərtib edilməsində Avrora” MMC-nin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 12 mart 2025-ci il tarixli, MN seriyalı,1255765 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 mart 2025-ci il tarixdə Masallı rayonu ünvanında, hüquqi şəxs Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri tam və vaxtında yerinə yetirməməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs MMC-yə açıq havada yerləşdirilmiş reklam ilə bağlı qanunvericiliyin tələbinin gözlənilməsi ilə bağlı və görüləcək məsuliyyət tədbiri barədə yazılı göstərişlə müraciət edilmiş, həmin müraciət ona poçt vasitəsi ilə təqdim olunmuş, keçirilən monitorinq nəticəsində onun həmin reklam örtüklərini sökmədiyi, qanunusuz əməlini davam etdirdiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanunun 26.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda qeyd edilən qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Şəxs MMC tərəfindən 14 aprel 2025-ci il tarixdə müqavilələr üzrə ödənişlər edilsə də, ödənişlərin ödənilməsi gecikdirilmiş, gecikdirilmə müddətində qanunsuz olaraq reklam yayımları davam etdirilməklə inzibati xəta törədilmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Masallı rayonu ərazisində, hüquqi şəxs olan Şəxs MMC tərəfindən açıq məkanda reklam yerləşdirməklə bağlı qeyd edilən normaların tələbləri pozulmuş, icazəsiz quraşdırdığı reklam örtüklərini aradan qaldırması üçün Reklam İdarəsi tərəfindən yazılı göstəriş verilsə də, yazılı göstərişin tələblərinə riayət etməyərək müxtəlif ticarət obyektlərin qarşısında “Bizon” və Berq” içkilərinin reklam örtüklərini saxlamaqda davam etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən icazə müqavilələri üzrə ödənişlərin gec də olsa ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin birinci dəfə qeyd edilən inzibati xətanı törətdiyini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün aşağı həddində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar