Məhkəmə qərarları › İş №3(050)-78/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-78/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-78/2025 21.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 14 avqust 1975-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 19 dekabr 2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Qasım Hüseynov tərəfindən 23 dekabr 2024-cü il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, atasından ona ov tüfəngi qalmışdır. O, üç gün əvvəl həmin silahı düzətmiş və qundağını rəngləmişdir. 18 dekabr 2024-cü il tarixdə ona yaralı qaşqaldağın olduğunu demişlər. O, da tüfəngi götürüb evindən bir qədər kənarlaşmış və bir ədəd çöl quşu olan qaşqaldağı ov tüfəngi ilə vurmuşdur. Məhkəmədən 18000 manat məbləğində kredit borcunun olduğunu və işləmədiyini bildirərək ona cəza təyin edilməməsini xahiş etmişdir. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs izahatının surətindən görünür ki, 18 dekabr 2024-cü il tarixdə saat 16-17 radələrində, yaşadığı kənd ərazisində yerləşən mağazadan tərkibi spirtli olan enerji içkisi alıb piyada yaşadığı evinə getdiyi zaman yolda içmişdir. Saat 23:45 radələrində evində olan 12 kalibrli İJ-58 markalı nömrəsiz, qoşa lüləli ov tüfəngini, 1 ədəd ov bıçağını, 26 ədəd patronları və 1 ədəd patrondaşını götürüb yaşadığı kənd ərazisində yerləşən "Xırmandalı su anbarının" yaxınlığına qanunsuz ov etmək məqsədilə getmişdir. Həmin vaxt orada ondan başqa digər şəxs və ya şəxslər yox idi. Təxminən bir neçə dəqiqə keçmişdir ki, bir ədəd çöl quşu olan qaşqaldağı ov tüfəngi ilə vurmuşdur. Sonradan vurduğu qaşqaldağ quşunu "Xırmandalı su anbarının" içərisində gizlətmişdir. 19 dekabr 2024-cü il tarixə gecə saat 01 radələrində Masallı RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək qanunsuz ov tüfəngi gəzdirdiyini və qanunsuz ov etdiyini izah etmişlər. - «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmiş, 12 kalibirli, İJ-58 markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 26 ədəd patronlar, 1 ədəd patrondaşı, 1 ədəd ov bıçağı Masallı rayon Polis şöbəsinin aidiyyatı xidmətinə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut Masallı rayon Polis şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 12 kalibirli, İJ-58 markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 26 ədəd patronlar, 1 ədəd patrondaşı və 1 ədəd ov bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan Masallı rayon Polis şöbəsində maddi sübut kimi saxlanılan 1 ədəd qaşqaldaq cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 12 kalibirli, İJ-58 markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 26 ədəd patronlar, 1 ədəd patrondaşı və 1 ədəd ov bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan 1 ədəd qaşqaldaq cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar