Məhkəmə qərarları › İş №3(050)-801/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-801/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-801/2025 03.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvansız söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı rayonu, Xırmandalı kəndi ərazisində RPŞ-in İTB-in sahə polis nəfərləri Şahid2 və Şahid1 xidmətdə olduqları vaxt bir nəfər şəxsin kimliyi sonradan məlum olan kənd sakini Şəxs kəndin mərkəzi küçəsində ov silahı ilə gəzdiyini görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Şəxs üzərində gəzdirdiyi qoşa lüləli mülki ov tüfənginə aid hər hansı bir rəsmi sənədin olub-olmadığını soruşduqda, o, ov tüfənginə aid müvafiq icazə sənədinin olmadığını bildirmiş, polis əməkdaşları sənədsiz silahı tələb etdikdə, Şəxs üzərində gəzdirdiyi tüfəngi verməyərək uca səslə səs-küy salaraq, ünvansız küçə söyüşləri söyməyə başlamış, ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmiş, bir neçə nəfər kənd sakini həmin yerə toplaşmışlar. Şəxs öz hərəkətləri ilə ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etdiyinə görə polis əməkdaşları onu dəfələrlə nizamintizama dəvət etsələr də, lakin sonuncu polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 20-25 dəqiqə davam etdirmiş və kənar şəxslərin ora toplaşmasından istifadə edərək polis əməkdaşlarının yanından uzaqlaşaraq getmişdir. Bundan sonra Şəxs dəfələrlə Masallı RPŞ-yə dəvət edilməsinə baxmayaraq, gəlməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, növbətçi hissəyə təhvil verilməklə barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində özünə məxsus sənədsiz mülki ov silahını götürüb otlaq sahəsinə getmək üçün evdən çıxmış, kəndin mərkəzində olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində gəzdirdiyi silahın sənədlərininin olub-olmamasını soruşmuşlar. Silaha dair heç bir sənədinin olmadığını bildirmiş, polis əməkdaşları sənədsiz silahi ondan təhvil almaq istədikdə əsəbiləşərək ucadan ünvansız söyüşlər söyməyə başlamış, həmin vaxt bir neçə kənd sakini onların yanına yaxınlaşmışdır. Polis əməkdaşları ictimai yerdə söyüş söyməsinə görə ona irad bildirməklə nizam-intizama dəvət etməyə çalışmışlar, lakin özündən asılı olmayan səbəbdən söyüşlər söyməyə davam etmiş, kənd sakinləri yanlarına toplaşdığından oradan uzaqlaşıb getmişdir. Sonradan polis şöbəsindən ona yalnız bir dəfə zəng edilərək şöbəyə dəvət edilmiş, günəmuzd işləmək üçün hər gün Cəlilabad rayonuna getdiyindən şöbəyə gedə bilməmişdir. xx.xx.2025-ci il tarixdə X4 Xidmət Mərkəzində olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-yə aparılmış, göstərilən səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, İİİ qrup gözdən əlil olmasını, himayəsində üç nəfər uşaqlarınını olmasını, ailədə yenganə qazanc gətirən şəxs olmasını, sənədsiz ov silahını polis əməkdaşlarını könüllü olaraq təhvil verdiyini, törətdiyi inzibati xətaya görə polis əməkdaşlarınadna üzür istəməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı rayonu, Xırmandalı kəndi ərazisində Masallı RPŞ-in İTB-in sahə polis nəfəri, polis baş serjantı Şahid2lə birlikdə xidmətdə olduqları vaxt bir nəfər şəxsin kimliyi sonradan məlum olan kənd sakini Şəxs kəndin mərkəzi küçəsində ov silahı ilə gəzdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra üzərində gəzdirdiyi qoşa lüləli mülki ov tüfənginə aid hər hansı bir rəsmi sənədin olub-olmadığını soruşduqda, vətəndaş ov tüfənginə aid müvafiq icazə sənədinin olmadığını bildirmiş, daha sonra üzərində gəzdirdiyi tüfəngi verməməklə uca səslə səs-küy salaraq, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Şəxs öz hərəkətləri ilə ətrafda olan tanımadıqları vətəndaşların diqqətini özünə cəlb etdiyindən onu dəfələrlə nizam-intizama dəvət etsələr də, lakin o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini təxminən 20-25 dəqiqə davam etdirmiş və oradan uzaqlaşmışdır. Bu səbədən Masallı RPŞ-yə gedərək raportala müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid2 eyni məzmunlu izahat verərək Şahid1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə özünə məxsus mülki ov silahı ilə birlikdə Masallı rayonu Xırmandalı kəndində olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etməklə silahın sənədlərini tələb etmiş, Şəxs silahı təqdim etməyərək ucadan səs-küy salmış, səs-küyə kənd sakinləri toplaşmış, polis əməkdaşları Şəxs nizam-intizama dəvət eməyə çalışmışlar. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-cü il tarixli, seriya MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan VMAS-dan yoxlama nəticəsinə dair məlumatdan görünür ki Şəxs İİİ dərəcəli əlilliyi aşkar olunmuş, diaqnoz: Qarışıq asiqmatizm.” təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı, protokolu tərtib etmiş şəxin və şahidlərin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 17:30-da tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, İİİ dərəcəli əlil olmasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan daha ciddi xətaya görə həmin məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar