Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-812/2023 09.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi X4, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 03 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 03 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Masallı rayonu İsi kəndində istirahət mərkəzini icarəyə götürməklə sahibkarlıq sahəsində fəaliyyət gödstərir. İcarəyə götürdüyü obyekt tam olaraq normalara cavab verir və heç bir ekoloji qaydalara zidd inşa edilməmişdir. Lakin obyektin çirkab sularının axıdılması ilə bağlı kanalizasiya xətti obyektin sahibi tərəfindən yenidən bərpa edilməli idi. O, obyektin sahibi ilə icarə müqaviləsi bağlayarkən obyektdə təmir tikinti işlərini kommunal xətlərin və s. obyektə aid işlərin bərpa edilməsini obyekt sahibi üzərinə götürmüşdür. Buna görə həmin iş obyekt sahibinə aid olduğundan o, həmin işə qarışmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə heç vaxt onun işlətdiyi obyektdə olmamışlar. Çünki, ərazini Rayon Polis Şöbəsindən gəlib akt tərtib edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər. İşi icraatına götürən idarə isə inzibati xətanın mövcud olub-olmamasını araşdırma aparmadan ona gələn digər orqanın aktını əsas götürərək inzibati xəta haqqında qərar qəbul etmişdir. Bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əsassız olaraq onu İXMnin 264.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişdir. Qeyd edir ki, binanın çirkab suyunun axıdılması ilə bağlı standartlara cavab verən quyu vardır və obyektin tullantı suları həmin quyuya axıdılır və hər-hansı bir su hövzəsinə axıdılmır. İnzibati xətanın mövcudluğunu təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Bu səbəbdən də məhkəmədən qeyd edilən qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirdi ki, X2 qeyd edilən obyekti icarəyə götürərək işlədir. Həmin obyektin tullantı suları axıdılmaqla təbiətə ziyan vurur. Bu səbəbdən də barəsində İXM-nin 264-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir və həmin protokol əsasında da qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan inzibati xəta haqqında 03 may 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 600 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Masallı rayon polis şöbəsində izahatı alınmış Ruslan Bəşirli izahatında qeyd etmişdir ki, fəaliyyət göstərdiyi obyektdə təmir getdiyi və mövsüm başlamadığından gündəlik çirkab sular üçün təyin edilmiş yer müəyyən olunmadığından, çirkab obyektin ərazisinə axıdılır. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, inzibati xətanın törədilməsi Masallı rayon polis şöbəsinin aidiyyəti əməkdaşları tərəfindən aşkar olunmuş, müvafiq araşdırma aparılmış, Ruslan Bəşirlinin izahatı alınmış, o, çirkab suların əraziyə axıtmasını etiraf etmiş, şikayət ərizəsində göstərdiyi halların heç birini polis şöbəsində vermiş olduğu izahatında qeyd etməmiş, əməlində inzibati xəta tərkibi olduğuna görə aidiyyəti üzrə materiallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bununla da onun əməlinə hüquqi qiymət verilərək, barəsində inzibati xəta üzrə cərimə tənbeh tədbirinin tətbiq olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməməlidir. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1.-135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət verilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 03 may 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-812/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-812/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver