Məhkəmə qərarları › İş №3(050)-812/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-812/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-812/2024 15.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu Bambaşı kəndində doğulmuş, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2418/2023 saylı, 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1600 manat və dövlət rüsümuna görə ödənilmiş 36 manat, cəmi 1636 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2418/2023 saylı, 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1600 manat və dövlət rüsümuna görə ödənilmiş 36 manat, cəmi 1636 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, toy şənliklərində və yas mərasinlərində çayçı işləyərək pul qazanır. Qış fəsli olduğu üçün toy şənlikləri az olur, eyni zamanda ötən 4-5 ay ərzində ölən olmadığı üçün işləyə bilməmişdir. Bu səbəbdən də yaranmış borcunu ödəyə bilməmişdir. Hazırda Ramazan ayı bitdikdən sonra toy şənlikləri başladığı üçün işləyərək qazanc əldə etməyə başlamışdır və 100 manat pul düzəldib tələbkara ödəmək iqtidarındadır. Ayın 21 və 22-də də toy şənliklərinə çay paylamaq üçün dəvət almışdır. Bu səbəbdən də ayın 22-də də tələbkara 100 manat ödəyəcəkdir. Eyni zamanda işləyib hər ay tələbkara 200 manat pul ödəyəcəkdir. Özü ailədiri, uşaqları məktəblidir, onlarında tələbatlarını ödəmək bir ailə başçısı kimi onun üzərindədir. Borcunu ödəməkdən imtina etmir, lakin maddi vaziyyəti pis olduğundan, imkanı olmadığından borcunu ödəyə bilmir. Qış aylarında etdiyi ara-sıra fəhləliklə isə ailəsinin dolanışığını təmin etmişdir. Artıq fəhləlikdə edə bilmir, çünki göbəyində şiş yaranmışdır. Ümidi toy şənliklərinə və xeyir-şər mərasinlərinədir. İşi çox olacağı təqdirdə daha çox ödəniş edəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs 1636 manat pulun alınıb ona ödənilməlidir. Lakin borclu bu günə kimi borcundan heç bir ödəniş etməmişdir. Borclu verdiyi izahatında yalan danışır o, hər gün işləyir və restoranlarda yeyib-içir amma onun borcunu qaytarmır. Qohumlarının maddi imkanı yaxşıdır, onlardan pul alıb onun borcunu ödəyə biləcəkdir. Pul ehtiyacı vardır, evində xəstəsi vardır, odur ki, borcludan borcunu tələb edir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar