Məhkəmə qərarları › İş №3(050)-814/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-814/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-814/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı Rayon Prokurorunun köməkçisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda fiziki şəxs Şəxs tərəfindən abonentlərdən yığılan borc vəsaitinin mənimsənildiyi göstərilmişdir. Masallı Rayon Prokurorunun köməkçisi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, “X5” MMC Şəxsda olmaqla 4 şəxs barəsində Masallı rayon prokurorluğuna şikayət etmişdir. İş üzrə araşdırılma aparılmış, tərəflərin izahatları alınmış əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olduğu öz təsdiqini tapmışdır. Belə ki, “X5” MMC (xidmət saytı Portmanat.az) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən elektron pul qabı və onlayn ödəniş təchizatıdır. Şirkət fəaliyyət dairəsinə uyğun olaraq sayı yüzlərlə hesablanılan müxtəlif fəaliyyət növlü şirkətlər və dövlət qürumları ilə müqavilə əsasında əməkdaşlıq edərək partnyorların müştərilərinə və ödəyəcilərinə ödəniş xidmətinin yüksək səviyyədə aparılmasını təmin edir. Portmanat.az portalı vasitəsi ilə bir sıra ödəniş xidmətlərinin, kommunal (Azərişıq, Azəriqaz, Azərsu və s.), mobil operatorlar, TV ödənişləri, Bank kredit ödənişləri, cərimə ödənişləri və s. onlayn olaraq həyata keçirilir. “X5” MMC müştərilərinə xidmət göstərməklə yanaşı şirkətlə rəsmi formada müqavilə bağlayıb qazanc əldə etmək məqsədi ilə əməkdaşlıq göstərən fiziki şəxslərə də xidmət göstərir. "xxxx" ASC-nin Masallı rayonu üzrə nəzarətçi mühəndis vəzifəsində işləyən Şəxs ilə təmsil etdiyi təşkilat arasında xx.xx.2022-ci il tarixli 142/190 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Şəxs nəzarətçi mühəndis kimi öz xidməti ərazisində elektrik enerjisi istehlakçılarından elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal borcları nağd şəkildə yığıb istehlakçılara ödəniş qəbzlərini təqdim etdikdən sonra yığılmış vəsaitləri “X5” MMC-nin elektron sistemində onun adına açılmış müvafiq hesaba yükləməlidir. Bundan sonra ödəyici kimi Şəxs elektron hesabına yüklədiyi məbləğlərdən müəyyən olunmuş miqdarda bonus köçürülür. Şəxs müqaviləyə əsasən xidmət təchizatçılarına olan abonent borclarını elektron tətbiqdə onun adına açılmış hesaba ödəməli olduğu halda 2022-ci ilin müvafiq aylarında portmanat elektron tətbiqində onun adına açılmış hesabda olan balansdan 500 manatı abonentlərin xidmət təchizatçılarına olan borclarını ödəmək üçün istifadə etmiş, lakin sonradan həmin pulları elektron hesabına köçürməyərək mənimsəmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində həmin təşkilat tərəfindən Şəxs hesabına 2219.0 manat balans köçürülmüş, sonuncu həmin məbləği istifadə edərək 1719.0 manatını şirkətə köçürmüş, 500.0 manat pulu isə şirkətin hesabına köçürməyərək mənimsəmişdir. Sonda E.K.Yunuslu inzibati xəta haqqında materialın təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, 2021-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına kimi olan müddət ərzində "xxxx" ASC-nin Masallı elektrik şəbəkəsinin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləmiş, əsas vəzifəsi sayğaclara baxış keçirib elektrik enerjisindən istifadəyə görə borclarla bağlı abonentlərə bildirişlərin paylanması, onların ödənişə cəlb edilməsi və s.-dən ibarət olmuşdur. Ona təhkim olunmuş ərazi rayonun Tüklə, Tiyaqani, Səngəran, Məmmədoba və Kubin kəndləri olmuşdur. O, xx.xx.2022-ci il tarixdə “X5” MMC ilə müqavilə bağlamış, müqavilənin şərtlərinə əsasən müqavilə tərəfi və "xxxx" ASC-nin Masallı rayonu üzrə nəzarətçi mühəndisi kimi öz xidməti ərazisində elektrik enerjisi istehlakçılarından elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal borcları nağd şəkildə yığıb istehlakçılara ödəniş qəbzlərini təqdim etdikdən sonra həmin yığılmış vəsaitləri “X5" MMC-nin elektron sistemində adına açılmış müvafiq hesaba yükləməli olmuşdur. Bundan sonra ödəyici kimi elektron hesabına yüklədiyi məbləğlərdən müəyyən olunmuş miqdarda bonus köçürülür. “X5” MMC-nin elektron tətbiqində adına açılmış müvafiq hesaba əvvəlcədən müəyyən məbləğdə balans yüklənir. Müqaviləyə əsasən o, abonentlərin borcları nağd şəkildə aldıqdan dərhal sonra həmin balansdan abonentlərin xidmət təchizatçılarına olan borclarını ödəyib, bundan sonra isə nağd şəkildə yığdığı vəsaiti yenidən həmin elektron hesaba yükləməli olmuşdur. Müqavilə bağladıqdan sonra onun hesabına 500 manat balans yüklənmiş, təhkim olunan kəndlərdə yaşayan adlarını çəkmək istəmədiyi abonentlərdən bəziləri ona elektrik enerjisindən istifadəyə görə yaranmış borclarını ödəməsini, bir neçə gün sonra borclarını nağd şəkildə verəcəklərini təklif etmişlər. Öz növbəsində həmin abonentlərə inanaraq onların "xxxx" ASC-yə olan borclarını “X5” MMC-nin elektron tətbiqində adına açılmış hesabda olan balansdan ödəmələri etmişdir. Bu hal 2022-ci ilin dəqiq xatırlamadığı tarixlərində baş vermişdir. Lakin adların ödəniş etdiyi həmin abonentlər sonradan borclarını vermədiklərinə görə o, balansdan istifadə etdiyi ödəmələrin yerinə köçürmələri təmin edə bilməmiş, bu səbəbdən “X5” MMC-yə borcu yaranmışdır. Onun hazırda “X5” MMC-yə 500 manat borcu vardır. İmkanı olan kimi həmin məbləğdə pulu tələbkar təşkilatın hesabına ödəyəcəkdir. Sonda H.V. Kazımov törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 23 may 2023-cü il tarixli Masallı rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə Şəxs hesabına 2219.0 manat balans köçürülmüş, sonuncu həmin məbləği istifadə edərək 1719.0 manatını şirkətə köçürmüş, 500.0 manat pulu isə şirkətin hesabına köçürməyərək mənimsəmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı 23 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar