Məhkəmə qərarları › İş №3(050)-816/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-816/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-816/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Prokurorunun köməkçisi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxx 1984-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda fiziki şəxs Şəxs tərəfindən abonentlərdən yığılan borc vəsaitini mənimsənildiyi göstərilmişdir. Masallı Rayon Prokurorunun köməkçisi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, “X6” MMC Şəxsda olmaqla 4 şəxs barəsində Masallı rayon prokurorluğuna şikayət etmişdir. İş üzrə araşdırılma aparılmış, tərəflərin izahatları alınmış əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olduğu öz təsdiqini tapmışdır. Belə ki, “X6” MMC (xidmət saytı Portmanat.az) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən elektron pul qabı və onlayn ödəniş təchizatıdır. Şirkət fəaliyyət dairəsinə uyğun olaraq sayı yüzlərlə hesablanılan müxtəlif fəaliyyət növlü şirkətlər və dövlət qürumları ilə müqavilə əsasında əməkdaşlıq edərək partnyorların müştərilərinə və ödəyəcilərinə ödəniş xidmətinin yüksək səviyyədə aparılmasını təmin edir. Portmanat.az portalı vasitəsi ilə bir sıra ödəniş xidmətlərinin, kommunal (Azərişıq, Azəriqaz, Azərsu və s.), mobil operatorlar, TV ödənişləri, Bank kredit ödənişləri, cərimə ödənişləri və s. onlayn olaraq həyata keçirilir. “X6” MMC müştərilərinə xidmət göstərməklə yanaşı şirkətlə rəsmi formada müqavilə bağlayıb qazanc əldə etmək məqsədi ilə əməkdaşlıq göstərən fiziki şəxslərə də xidmət göstərir. "xxxx" ASC-nin Masallı rayonu üzrə nəzarətçi mühəndis vəzifəsində işləyən Şəxs ilə təmsil etdiyi təşkilat arasında xx.xx.2021-ci il tarixli 142/072 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Şəxs nəzarətçi mühəndis kimi öz xidməti ərazisində elektrik enerjisi istehlakçılarından elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal borcları nağd şəkildə yığıb istehlakçılara ödəniş qəbzlərini təqdim etdikdən sonra yığılmış vəsaitləri “X6” MMC-nin elektron sistemində onun adına açılmış müvafiq hesaba yükləməlidir. Bundan sonra ödəyici kimi Şəxs elektron hesabına yüklədiyi məbləğlərdən müəyyən olunmuş miqdarda bonus köçürülür. Şəxs müqaviləyə əsasən xidmət təchizatçılarına olan abonent borclarını elektron tətbiqdə onun adına açılmış hesaba ödəməli olduğu halda 2022-ci ilin müvafiq aylarında portmanat elektron tətbiqində onun adına açılmış hesabda olan balansdan 429,4 manatı abonentlərin xidmət təchizatçılarına olan borclarını ödəmək üçün istifadə etmiş, lakin sonradan həmin pulları elektron hesabına köçürməyərək mənimsəmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-cü il tarixədək olan dövr ərzində həmin təşkilat tərəfindən Hüseyn Kazımovun hesabına 500 manat balans köçürülmüş, sonuncu həmin məbləği istifadə edərək 70 manatını şirkətə köçürmüş, 499,40 manat pulu isə şirkətin hesabına köçürməyərək mənimsəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o 2019-cu ilin fevral ayından "xxxx" ASC-nin Masallı Elektrik şəbəkəsinin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir, əsas vəzifəsi sayğaclara baxış keçirib elektrik enerjisindən istifadəyə görə borclarla bağlı abonentlərə bildirişlərin paylanması, onların ödənişə cəlb edilməsi və s-dən ibarətdir. O, xx.xx.2022-ci il tarixdə “X6” MMC ilə müqavilə bağlamış, müqavilənin şərtlərinə əsasən müqavilə tərəfi və "xxxx" ASC-nin Masallı rayonu üzrə nəzarətçi mühəndisi kimi öz xidməti ərazisində elektrik enerjisi istehlakçılarından elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal borcları nağd şəkildə yığıb istehlakçılara ödəniş qəbzlərini təqdim etdikdən sonra, həmin yığılmış vəsaitləri “X6” MMC-nin elektron sistemində adına açılmış müvafiq hesaba yükləməli olmuşdur. Bundan sonra ödəyici kimi elektron hesabına yüklədiyi məbləğlərdən müəyyən olunmuş miqdarda bonus köçürülür. “X6” MMC-nin elektron tətbiqində adına açılmış müvafiq hesaba əvvəlcədən müəyyən məbləğdə balans yüklənir. Müqaviləyə əsasən o abonentlərin borcları nağd şəkildə aldıqdan dərhal sonra həmin balansdan abonentlərin xidmət təchizatçılarına olan borclarını ödəyib, bundan sonra isə nağd şəkildə yığdığı vəsaiti yenidən həmin elektron hesaba yükləməli olmuşdur. Müqavilə bağladıqdan sonra onun hesabına əvvəlcə 300 manat, sonra isə 100 manat balans yüklənmiş, bəzi şəxsən tanıdığı və inandığı abonentlər ona elektrik enerjisindən istifadəyə görə yaranmış borclarını ödəməyini, bir neçə gündən sonra vəsaitləri ona nağd şəkildə verəcəklərini bildirmişlər. Həmin abonentlərə inanaraq onların Azərişıq ASC-yə olan borclarını “X6” MMC-nin elektron tətbiqində adına açılmış hesabda olan balansdan ödəmələri etmişdir. Bu hal 2022-ci ilin dəqiq xatırlamadığı tarixlərində baş vermişdir. Lakin adların ödəniş etdiyi həmin abonentlər sonradan borclarını vermədiklərinə görə o balansdan istifadə etdiyi ödəmələrin yerinə köçürmələri təmin edə bilməmiş, bu səbəbdən “X6” MMC-yə borcu yaranmışdır. Onun hazırda “X6” MMC-yə yaranmış borcundan 100 manat ödəniş etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 23 may 2023-cü il tarixli Masallı rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ödəyici Şəxs tərəfindən müştəri X1 100 manat pul ödəmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Şəxs 429,40 manat pulu şirkətin hesabına köçürməyərək mənimsəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı 23 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, iş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal onun dəymiş ziyandan qismən ödəniş etməsi və əməlindən səmimi peşmanlıq keçirməsidir, ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar