Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-841/2023 27.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən 10000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, qeyd olunan inzibati xətanı törətməmişdir. Qeyd olunan pul vəsaiti ölkəyə qaytarılmamışdır, çünki göndərilmiş mallar məhv olmuş və ona maddi ziyan dəymişdir. Buna görə də həmin malların pulu ölkəyə qaytarılmamışdır. Bu onun ucbatından olmamışdır, buna görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Malı gömrük qaydalarına uyğun olaraq ixrac etmiş və daha sonra göndərilmiş mal məhv olmuşdur. Belə olan halda 525925,00 ABŞ dolları (894072,50 manat) pulun müvəkkil bank hesabına köçürülməsi mümkün deyildir. Ümumiyyətlə araşdırılmalı məqam ondan ibarətdir ki, həmin pul ölkəyə qaytarılmışdırm? Əgər həmin pul hər hansı yolla ölkəyə qaytarılmış olsaydı və o, bunu bankdan gizlətmiş olsaydı, bu zaman onun əməlində qeyd olunan inzibati xəta tərkibi yaranmış olardı. Hazırkı vəziyyətdə onun əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan malların məhv olmasını və pulunun ona ödənilməməsini istəməzdi. Əgər mallar məhv olmasayadı pulu ona bank vasitəsi ilə ödənilərdi və o da, pulunu bankdan götürərdi. O, sahibkardır və təbii ki, ixrac etdiyi malların pulunun ölkəyə qaytarılmasını və ona ödənilməsini istəyər. Uzun illər ərzində ölkədən mal ixrac etmiş və pulu geri qaytarılmışdır. Qeyd olunan məbləğ isə onun iradəsindən asılı olmayan səbəblərə görə ölkəyə qaytarılmamışdır. Lakin gömrük orqanı qeyd olunan halları araşdırmamış və qanunsuz qərar qəbul etmişdir. Bundan başqa, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılmış və əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin fakt üzrə qanuni qüvəsini almış qərar mövcuddur. Mübahisələndirilən qərardan 10 gün müddətində yuxarı orqana müraciət etmiş, lakin müraciətinə cavab verilmədiyi üçün məhlkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış şikayətçi və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdilər. Məhkmə inzibati qərardan verilmiş şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən 01400-01152/2023 saylı iş üzrə tərtib edilmiş inzibati tənbeh vermə haqında qərardan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə protokola əlavə olunmuş cədvəldə qeyd olunan 29 gömrük bəyənnaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 525925,00 ABŞ dolları (894072,50 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etmədiyindən Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə barəsində inzibati xətanın bilavasitə obyekti olan 20000,00 manat məbləğində valyutanın dəyərinin 50 faizi, yəni 10000,00 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X4 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 525925,00 ABŞ dolları (894072,50 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşı X7 tərəfindən 525925,00 ABŞ dolları (894072,50 manat) məbləğdə vəsaitin xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarətin Şimal Ərazi Baş Gömrük İdarəsinə, Gömrük Əməliyyatları İdarəsinə və Gömrük Prosedurları və Ödənişləri şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibaii Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinın 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilir ki, “...hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir.” 29 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 525925.00 ABŞ dolları (894072,50 manat) məbləğində vəsaitin xaricdən qaytarılmaması X3 hərəkətsizliyi ilə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Mübahisələndirilən qərardan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2022-ci il tarixli, 34/012/005286 saylı raportu ilə aşkar edilən 29 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 525925,00 ABŞ dolları (894072,50 manat) məbləğində vəsaitin xaricdən qaytarılmaması faktı üzrə xx.xx.2023-cü il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə inzibati araşdırmaya başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Məhkəmə qeyd edir ki, şikayət verən şəxs şikayətində mübahisələndirdiyi qərarın əsassız hesab edilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, bunları yalnız formal olaraq şikayətində qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1 və 12.2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli, seriya EP, ******* (01400/01439) saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (01400/01439) saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-841/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-841/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver