Məhkəmə qərarları › İş №3(050)-882/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-882/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-882/2023 05.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1975-ci ildə Abşeron rayonu Sitalçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Mediya məlumat mərkəzində işləyən, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 22, mənzil 339-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 iyun 2023-cü il tarixdə saat 06:30 radələrində Masallı rayonu Şərəfə kəndində ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Mediya məlumat mərkəzində işləyir, mediya nümayəndəsidir. Həşim Hacıyev adında vətəndaş onlara müraciət edərək Masallı rayonu, Şərəfə kəndində yerləşən və qanuni istifadəsində olan torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini Qafil Məmmədov adlı şəxsin qanunsuz istifadə etdiyini, orada olan otu biçib apardığını, ona qanuni istifadəsində olan torpaq sahəsindən istifadə etməsinə maneələr yaratdığını bildirmiş və bir mediya nümayəndəsi olaraq gəlib bütün bu məsələləri işıqlandırmalarını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, istifadəsində olan 2.6 ha torpaq sahəsindən onun istifadəsinə yaradılmış maneələrin Şərəfə bələdiyyəsinə və digər şəxslərə qadağan edilməsi barədə məhkəmə qərardadı və Masallı RİHB-nin müvafiq məktubu vardır. Bu səbəbdən də onlarda öz növbələrində bütün bu məsələlərin işıqlandırılması ilə bağlı bu gün səhər saatlarında Masallı rayonuna gəlmişlər. Həşim Hacıyev qabaqcadan onlara həmin torpaq sahəsində ot yığacağını dediyi üçün onlarda birbaşa həmin yerə getmişlər. Orada olduqları zaman isə Qafil Məmmədov polis əməkədaşları ilə birlikdə həmin torpaq sahəsinə gəlmişlər. Onlar oraya gəldikdən sonra o, onlara öz qanuni fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir və orada çəkiliş aparmışdır. Bu zaman polis məkədaşları ona çəkilişi dayandırmasını demişlər. O, isə polis əməkdaşlarından bunun səbəblərini soruşmuş, polis əməkdaşları da ona kameraya düşmək istəmədiklərini bildirmişlər. Oda bir daha polis əməkdaşlarına öz qanuni fəaliyyəti ilə məşğul olduğunu, heç bir qanunsuzluğa yol vermədiyini, onlarında onun kimi öz qanuni fəaliyyətləri ilə məşğul olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları Həşim Hacıyevi və Qafil Məmmədovu polis şöbəsinə dəvət etmişlər. Onlar gedən zaman o, orada çəkiliş aparmağa davam etmişdir. Bu zaman Qafil Məmmədov onu görərək nalayiq küçə söyüşləri ilə söyməyə başlayaraq təhqir etmişdir. Qafil Məmmədovun onu təhqir etdiyini görüb əsəbləşərək Qafil Məmmədova səsini kəsməsini demişdir. Daha sonra Qafil dahada kobud söyüşlər söyərək onun “nəsilini” söydüyündən oda əsəbləşərək ona qayıdaraq “özünsən öz nəslindir” deyə cavab vermişdir. Bu zaman polis əməkdaşları ona sakit olmasını deyərək irad bildirmişlər, halbuki Qafil Məmmədov onu söyüb təhqir edən zaman kənardan müşahidə etmişlər, Qafilə heç bir söz deməmişlər. O, polisin sözlərini nəzərə alıb dayanmışdır. Bu vaxt Qafil Məmmədov yenidən onu təhqir etməyə başlamışdır. Oda polis əməkdaşlarına Qafilədə irad bildirmələrini demişdir. Bu minvalla Qafillə aralarında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları ona çəkdiklərini pozmasını demişlər. Oda polis əməkdaşlarına niyə pozmalı olduğunu, pozmaq fikrinin olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Bütün bu sadaladıqları onun həmin vaxt çəkmiş olduğu video görüntülərdə öz əksini tapmışdır. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Polisin qanuni tələblərini pozmamışdır. Sadəcə emosiyalarına hakim ola bilmədiyi üçün Qafilin onu söydüyü kimi oda Qafili söymüşdür. Polis şöbəsində olduğu zaman əlində olan sumkasını boşaldaraq polis əməkdaşlarına göstərmişdir ki, “baxın sumkamda qanunsuz bir şey yoxdur”, lakin şöbədə olduğu zaman polis əməkdaşlarına qarşı hər hansı bir nalayiq ifadə işlətməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində DİN-nin 102 məlumat xidmətinə Masallı rayonu Şərəfə kəndi ərazisində oğurluq hadisəsi olması ilə bağlı daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupu ilə birlikdə Şərəfə kəndinə getmişlər. Hadisə yerinə yaxınlaşan zaman vətəndaş Şəxs ilə Qafil Məmmədov arasında mübahisəli vəziyyət olduğunun şahidi olmuşlar. Bu səbəbdən həmin şəxslərə yaxınlaşmışlar. Yaxınlaşdıqları zaman Şəxs ilə Qafil Məmmədov mübahisə edərək Şəxs Qafil Məmmədova məhkəmə qərarı olduğundan əraziyə girə bilməyəcəyini bildirmişdir. Bu zaman onlar həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Həmin vaxt Q.Məmmədov sakitləşərək nizam intizama gəlmiş, lakin Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxslər Masallı RPŞ-yə dəvət olunmuşlar. Bu zaman Şəxs onlara müqavimət göstərərək polis maşınına əyləşməyəcəyini bildirmişdir. Onlar Şəxs qanunla müəyyən edilmiş qaydada polis maşınına əyləşdirərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən növbətçi hissənin qarşısında dəhlizdə Şəxs əlində olan dəri çantasını yerə boşaldaraq “mən sizdən qorxuram, siz məni narkotiklə şərləyib tutarsız” demişdir. Həmçinin nalayiq ifadələr işlətmişdir. Eləcədə sumkasında qeydiyyatsız səs yazıcı cihaz olmuşdur. Qeyd olunan məsələrlə bağlı şöbənin məsul əməkdaşı Z.Zeynalov tərəfindən raport tərtib edilmişdir. Daha sonra tərəflərin izahatları alınaraq, Şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs bütün bu hərəkətlərini məqsədyönümlü olaraq polisin fəaliyyətini kölgə altına salmaqdan ötrü qərəzli formada polislə vətəndaş arasında münasibətləri gərginləşdirmək yönümündə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 şahid X3 ilə eyni məzmunlu ifadə verdilər. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Tofiq Abıyev tərəfindən 05 iyun 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı, şahidin ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Xızı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar