Məhkəmə qərarları › İş №3(050)-890/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-890/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-890/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Nümayəndə İmayıl oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Köhnə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:59 radələrində Masallı rayonu, Köhnə Alvadı ərazisində “VAZ-21061” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, etibarnamə əsasında “VAZ-21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. Avtomaşınları idarə etmək üçün B1 B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 08:59 radələrində idarə etdiyi avtomaşınla hərəkətdə olmuşdur. İdarə etdiyi avtomaşını saxlayaraq ərzaq dükanına girmiş, avtomaşını mağazanın qarşısında saxlayan zaman YPX-nin avtomobili yanında bir qədər asta sürətlə hərəkət etdikdən sonra manevr edərək çıxıb getmişlər. Mağazadan alver etdikdən sonra çıxıb maşına əyləşmiş, evinə getmək üçün hərəkətə başlamışdır. Həmin vaxt yolda olan YPX əməkdaşı ona saxlama işarəsi vermişdir. Avtomaşını saxladıqdan sonra YPX əməkdaşı ona sükan arxasından düşməyi bildirmiş, avtomaşından düşdükdən sonra YPX əməkdaşı Nümayəndə onu xidməti avtomobilə əyləşdirməklə Masallı RPŞ-yə aparmış, özünün avtomobilini isə digər YPX əməkdaşı idarə edərək onların arxasınca gəlmişdir. YPX əməkdaşı ona sərxoşluq barədə şübhəli hal olduğundan alkotestr müayinəsindən keçirəciyini bildirmiş, içkili kimi sənədləşdiriləcəyini bildirmişdir. Yolda dəfələrlə YPX əməkdaşına şübhəli halın olub-olmamasını müəyyən etmək üçün onu birbaşa tibbi müayinə üçün xəstəxanaya aparmalarını, orada müayinədən keçirilməsini xahiş etsə də, YPX əməkdaşı onu Masallı RPŞ-nin inzibati binasının həyətinə apararaq orada alkotestr müayinəsindən keçirmiş, sərxoş olmasa da, onu məcbur etdiklərindən və həyəcanlı olmaqla tutulacağından qorxuduğuna görə alkotestr müayinəsinin cavabında razı olduğunu qeyd etməklə, aşxam içki içdiyini etiraf etmək məcburiyyətində qalmışdır. Əsl həqiqətdə isə YPX əməkdaşı tərəfindən saxlanılan zaman sərxoş olmamışdır. Lakin, onun sərxoş halda saxlanılmasını əks etdirən video görüntülər təqdim edilməmişdir. Alkotestr müayinəsindən keçirildikdən və polis şöbəsində izahatı alındıqdan sonra barəsində protokol tərtib edilmiş, bundan sonra saat 12 radələrində sərbəst buraxılmışdır. Alkotestr müayinəsinin cavabı ilə razı olmadığından həmin tarixdə saat 16 radələrində Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına gedərək könüllü şəkildə alkotestr müayinəsindən keçmək istədiyini bildirmiş, həkim narkoloq tərəfindən müayinə edildikdən sonra orqanizmində heç bir alkoqolun miqdarı sıfır promil aşkarlanmış, bu barədə ona rəy təqdim olunmuşdur. Ümumiyyətlə spirtli içkidən istifadə etmir, təbii ki, səhər içki içib avtomobil idarə edə bilməzdi. Şəxs qeyd edilənlərin nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 08:59 radələrində Masallı rayonu, Köhnə Alvadı ərazisində xidmətdə olduğu vaxt “VAZ-21061” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının kəndin mərkəzindəki mağazanın qarşısında saxladığını görmüş, az sonra sürücü mağazadan çıxaraq maşına əyləşmiş, hərəkətə başlayaraq sola manevr etdiyini görmüşdür. Sürücünün avtomaşını sərxoş halda idadə edəcəyi barədə şübhə yarandığından Masallı rayonu Köhnə alvadı kənd sakini kimi tanıdığı Şəxs saxlama işarəsi vermişdir. Yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünün özünü şübhəli aparmasını görüb onu sükandan kənarlaşdırmaqla YPX avtomobilinə əyləşdirmiş, spirtli içki qəbul edib-etməməsi barədə sürücüyə suallar vermişdir. Sürücü cavabında içki içmədiyini, lakin ətir şüşəsinin üzərinə dağıldığını bildirmişdir. Sürücüdən ona tərəf nəfəs verməsini xahiş etmiş, sürücü cavabında “mənimlə öpüşmək istəyirsən” sözlərini demiş, sürücüyə onunla mədəni şəkildə danışmasını tələb etmişdir. Həmin vaxt xidməti avtomobildə alkotestr cihazı olmadığından sürücünü avtomobili ilə birlikdə Masallı RPŞ-yə gətirmişlər. Sürücü əvvəlcə alkotestr müayinəsindən keçməkdən imtina edərək tibbi müayinədən keçirilməsini tələb etsə də, DYPB-də inzibatçı vəzifəsində işləyən Ariz İsmayılovla söhbət etdikdən sonra izahat yazmış, spirtli içki qəbul etdiyini etiraf edərək alkotestrin cavabı ilə razılaşdığını qeyd etmiş, 50 qram spirtli içki içdiyini etiraf etmişdir. Bundan sonra inzibati Ariz İsmayılov xidməti otağından çıxaraq yanına gəlmiş, vətəndaşla düzgün dialoq qurmadığını, bu səbəbdən vətəndaş ilkin olaraq əməlini etiraf etmədiyini, lakin sonradan ona düzgün izah edildikdən sonra əməlini etiraf etdiyini və bu baradə yazılı izahat verdiyini ona demişdir. Verilmiş suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, DYPB-nin balansında 5 ədəd xidməti avtomobili olsa da, lakin 3 ədəd alkotestr cihazı onlara təqdim edilmiş, sürücü saxlanılan vaxt xidməti avtomobildə alkotestr olmadığından sürücü saxlanıldığı yerdə müayinədən keçirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08:59 radələrində Masallı rayonu, Köhnə Alvadı ərazisində “VAZ-21061” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı protokolda qeydlər aparılmışdır. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotestrin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 1,356% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “axşam 50 qram araq içmişəm” qeyd aparılmış və imza etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər narkoloji Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 000452 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs şəxsi təşəbbüsü ilə xx.xx.2025-ci il tarixdə saat 16:00-da tibbi müayinədən keçmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır, alkoqol qəbulu əlaməti yoxdur” qeydi aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər narkoloji Xəstəxanasının xx.xx.2025-ci il tarixli sorğuya cavab məlumatından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə öz təşəbbüsü ilə Lənkəran ŞNX-na könüllü olaraq ərizə əsasında müraciət edərək 16:00-da xəstəxananın həkim narkoloqu X1 tərəfindən müayinə olunmuş, onda alkoqol sərxoşluğu əlamətləri müşahidə olunmamışdır. Sorğuya cavab olaraq izah edilmişdir ki, qanda alkoqolun qatılığı hər saatda təqribən 0,1 promil azalır. Şəxsin saat 09:00-da 1,356% promil göstərici ilə sərxoş vəziyyətdə olması hesab edilirsə, müayinədən 7 saat sonra 0,7 promil azalma ilə təqribən 0,65 promil göstərici və sərxoşluğun kliniki əlamətləri saxlanılmaqla yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmalı idi. Amma qeyd edilən şəxsdə müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmamışdır. Əlavə olaraq alkotestr cihazına “kənar müdaxilə” və qəbul edən şəxsə detoksikasiya tədbirinin tətbiq olunması nəticəsində təsir edən amillərdir. Məhkəmə iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi faktı təsdiqini tapmamışdır. Belə ki, protokola məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə sərxoşluq müayinəsindən keçirilməmiş, o, birbaşa polis şöbəsinə aparılmışdır. Hələ yolda olduqları zaman o, sərxoş vəziyyətdə olmadığını, birbaşa tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılmasını tələb etsə də, polis əməkdaşları buna məhəl qoymamışlar. Göstərilənləri izahatı alınmış polis əməkdaşı Nümayəndə da təsdiq edərək, şəxsi saxladıqdan sonra sərxoş vəziyyətdə olmadığını bildirərək, ondan tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılmasını tələb etdiyini göstərmişdir. Buna baxmayaraq, sonradan polis şöbəsində olduğu zaman alkotestr müayinəsindən keçirilmiş, vətəndaş rəylə razı olduğundan tibbi müayinədən keçirilməmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşın polis şöbəsində yoxlanılarkən alkotestrin aşkar edilmiş göstəricilərinin düzgün olmaması və yaxud vətəndaşın həmin alkotestr cihahızı vasitəsi ilə lazimi qaydada müayinədən keçirilməməsi ilə bağlı əsaslı şübhələr olduğundan həmin cihaz vasitəsi ilə aşkar edilmiş sərxoşluq müayinəsinin nəticəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, şəxs polis şöbəsindən çıxdıqdan sonra öz təşəbbüsü ilə həmin tarixdə saat xx.xx.2025-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Nakoloji Xəstəxanasında tibbi müayinədən keçmiş, xx.xx.2025-ci il tarixli, 000452 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən alkotestrlə aparılan müayinə və rəydə ayıq olması və alkoqol sərxoşluğu əlamətinin olmaması təsdiqlənmiş, orada izah edilərək göstərilmişdir ki, qanda alkoqolun qatılığı hər saatda təqribən 0,1 promil azalır. Şəxsin saat 09:00-da 1,356% promil göstərici ilə sərxoş vəziyyətdə olması heab edilirsə, müayinədən 7 saat sonra 0,7 promil azalma ilə təqribən 0,65 promil göstərici və sərxoşluğun klinki əlamətləri saxlanılmaqla yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmalı idi. Amma qeyd edilən şəxsdə müayinə zamanı heç bir alkoqol qəbulu əlamətləri müşahidə olunmamışdır. Əlavə olaraq alkotestr cinahızına “kənar müdaxilə” və qəbul edən şəxsə detoksikasiya tədbirinin tətbiq olunması nəticəsində təsir edən amillər olmasını da göstərmişdir. Məhkəmə qeyd edir ki, verilmiş məlumatda detoksikasiya tədbirlərinin görülməsi müayinənin nəticəsinə təsir edən amillərdən biri kimi göstərilsə də (ehtimal edilsə də), həmin tədbirlərin həmin vaxt həqiqətən də şəxsə tətbiq edilməsini təsdiq edən hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Narkoloji xəstəxananın alkotester cihazı ilə aparılan müayinələrlə bağlı təqdim etdiyi məlumatlara əsasən, şəxsin polis şöbəsində müayinədən keçirildiyi zaman sərxoş vəziyyətdə olmadığını söyləmək olar. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan öz səlahiyyətlərindən istifadə edərək vətəndaşın tələbinə əsasən onu tibbi müayinədən keçirərək, bununla bağlı müvafiq rəyi almalı olduğu halda, bu hüququndan istifadə etməmiş, şəxsin alkotestr müayinəsinin nəticəsi ilə razı olaraq axşam 50 qram araq içməsi ilə bağlı yazdığı qeydlərlə razılaşmışdır. Əslində vətəndaşın axşam 50 qram araq içdiyini bildirməsi, səhər saatlarında isə alkotestr cihazının göstəricisinə əsasən qanında 1,356 % promil sərxoşluq dərəcəsinin aşkar edilməsi vəziyyətinə əsasən düşünmək olar ki, vətəndaş açıq şəkildə də olmasa, müayinənin nəticəsinə öz etirazını dolayısı yolla bildirmişdir. Bu vəziyyətdə polis orqanı onu tibbi müayinədən keçirməklə həqiqətə nail ola bilərdi. Həmçinin, vətəndaş saxlanılaraq polis şöbəsinə gətirildiyi vaxtdadək də tibbi müayinədən keçirilməsini tələb etmiş, lakin o tibbi müayinədən keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsində göstərilri ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17 bəndində qeyd olunur ki, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkoltestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir (bənd 3.3). Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir (bənd 3.6). Eyni zamanda Şəxs saxlanıldığı yerdə alkotestr cihazının olmaması əsası ilə müayindən keçirilməyərək birbaşa avtomobillə birlikdə polis şöbəsinə gətirilməsi onun hüquqlarını pozmaqla yanaşı, Ariz İsmayılovun polis şöbəsində vətəndaşla söhbət etdikdən sonra Şəxs alkotestr müayinəsindən keçirilməyə razılaşması və izahat verməsi, bundan sonra Nümayəndə “siz vətəndaşla söhbət edə bilmirsiz” ifadəsini işlətməsi, şəxsə polis şöbəsində kənar təsirlərin edilməsi ilə müayindən keçirilməsi şübhəsini yaratmışdır. Halbuki, polis əməkdaşlarının başqa xidməti avtomobillərdə olan cihazın şəxsin saxlanıldığı yerə gətirilərək orada müayinədən keçirmək imkanları olmuşdur. Göründüyü kimi, iş materiallarında Şəxs alkoqollu içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı səlahiyyətli orqanının topladığı sübutlar digər sübutlarla təkzib edilmiş və sübutların mötəbərliyi ilə bağlı şübhəli hallar yaranmışdır. Şübhəli hallar isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın nümayəndəsi isə şəxsin təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105.1, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar