Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-891/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 2002-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 17 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 17 mart 2025-ci il tarixdə, saat 01:49-da “Renault Tondar 90” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmış tibbi müayinədən imtina etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343- 1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 17 mart 2025-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsində hərəkətdə olduğu zaman dövlət yol polisi əməkdaşı maşından səs gəldiyi üçün onu saxlamışdır. Həmin vaxt polis əməkdaşı ona maşına hərhansı müdaxilə olub-olmaması ilə bağlı sual vermiş, o, maşına hər-hansı müdaxilə etmədiyi, maşının sükanında nasazlıq olduğundan surət artdığı zaman səsin gəlməsi barədə məlumat vermişdir. Sonradan analizdən keçmək üçün polis şöbəsinə aparılmış, o, böyrək çatışmazlığından əziyyət çəkdiyi və əvvəl bir necə ay müalicə aldığını, indi isə maddi imkanı olmadığından müalicə ala bilmədiyi bildirmiş, sidiyə çıxa bilmədiyi üçün analizdən keçə bilmədiyini, həmçinin böyrək çatışmazlığından sidiyə yalnız səhər və axşam vaxtlarında gedə bildiyini bildirmişdir. Analizdən imtina etmədiyini, sadəcə keçə bilmədiyi üçün sonra Lənkəran rayonlararası Narkoloji xəstəxanasına aparıldığını bildirmiş, orda isə həkim böyrək xəstəsi olduğu üçün qan analizini almaqdan ehtiyyat edtdiyini bildirmiş və onu imtina etdiyi kimi qeydiyyata almışlar. O, Ərkivanda toyda olarkən bir dəfə narkotik vasitədən istifadə etmişdir. Günlük gəlirinin taksi fəaliyyətindən çıxdığını və günə 10-15 manat pul qazandığını bildirərərk ona cərimə cəzasının təyin edilməməsini məhkəmədən xahiş etdi. Suallara cavab olaraq bildirmişdir ki, taksi olaraq getdiyi toy karvanında avtomobili sağa-sola idarə edərək avtoxuliqanlıq etdiyi üçün hazırda avtomobilini cərimə meydançasına yerləşdirmişlər. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 17 mart 2025-ci il tarixli 000363 saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. - Masallı rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Şəxs BDYPİ-nin MİS-dən aldıqları məlumata əsasən 10 may 2022-ci il tarixdən 10 may 2032-ci il tarixədək BA042347 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi mövcuddur. Lakin olmasına baxmayaraq təhvil verməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməyərək ifadəsində istinad etdiyi dəlillərini DVD diskdə olan görüntülərə və iş materiallarına əsasən həqiqətə uyğun olmayan və inzibati məsuliyyətdən boyun qaçırması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, DVD diskdə olan görüntülərə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Lənkəran Narkoloji xəstəxanasında da, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün aparılmış tibbi müayinədən imtina etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda avtomobili idarə edərək yol-hərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, onun əməlinin ictimai təhlükəliliyini, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq, İXM-nin 343-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-891/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-891/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver