Məhkəmə qərarları › İş №3(050)-907/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-907/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-907/2024 26.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Masallı rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri Dadva küçəsi, ev 2-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 mart 2024-cü il tarixdə Seybətin dairəsi adlanan ərazidə Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Maya xanımla iki ildir ki, münasibətləri vardır. Aralarında heç bir problemləri olmamışdır. 14 mart 2024-cü il tarixdə xanımla aralarında qısqanclıq zəmnində mübahisə olmuşdur. Mübahisə zaman xanım əsəbləşərək onun yaxasına və burnuna əl-qol atmışdır. Oda onu sakitləşdirmək üçün əli ilə xanımın ağızı və üzünü tutmuşdur. Lakin xanımı vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, iki dəfə xərçəng xəstəliyindən əməliyyat olunmuşdur. İbrahim onun üz nahiyəsindən əli ilə tutduğunu deyir, amma yalan deyir. Belə ki, xx.xx.2024-cü il tarixdə rəfiqəsinin kafesində yemək yedikdən sonra kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra İbrahim ona köynəyini çırdığı üçün ondan üzr istəməsini demişdir. Oda İbrahimdən üzr istəmişdir. Lakin İbrahimin içkili olduğunu görüb sahəyə tərəf qaçmışdır. İbrahimdə onun arxasıca gələrək sahədə ona çatmış və onu təpiklə ayağından vuraraq ona xəsarət yetirmişdir. Həmçinin İbrahim onu və ailə üzvlərini əxlaqsız sözlərlə söyərək təhqir etmişdir. İbrahimlə barışmamışdır. Ondan şikayətçidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 223 saylı rəydə qeyd edilmişdir ki, vət. Zərərçəkmiş şəxs sol bazu və sol baldır nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 10 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 25 aprel 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1. maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar