Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-912/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndi ərazisində Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış zamanı üzərində şəxsi istifadəsi üçün 0,675 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış zamanı Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan 0,675 qram narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, 03 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində Masallı rayonu, Qızılavar kəndinin ərazisində küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Sonra onu avtomaşınla Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinə aparmışlar. Regional şöbədə ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, o, da əynindəki şalvarın sağ yan cibindən «Nokia» markalı mobil telefonu və şalvarının sol yan cibində gizlətdiyi bir ədəd selofan bükümdə olan narkotik maddə nəşəni çıxarıb təqdim etmiş, ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana var, ona məxsusdur, bir gün əvvəl Masallı rayonu, Boradigah qəsəbəsində özü qəbul etmək üçün adını bilmədiyi şəxsdən 10 manata əldə etmişdir. Etdiyi əməldən peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcək. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə Ekpsertizası Mərkəzi X3 xx.xx.2023-cü il tarixli, 19/411 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...» sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,675 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 0,675 qram, tədqiqata sərf olunub 0,3 qram, qalıq 0,645 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 383 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, müayinə zamanı Şəxs oğlunda KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,645 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şübhəli şəxsin tutulması haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45 dəqiqədə tutulmuş; tutulmadan azad edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:10-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs şübhəli şəxs kimi 03 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs şübhəli şəxs kimi 03 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılsın və Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati qaydada həbs saxlanılsın. İnzibati qaydada həbs etmənin əvvəli 08 iyun 2023-cü il tarixdən saat 16:55-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,645 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-912/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-912/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver