Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-931/2023 07.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayonu, Məmmədoba kəndində fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli protokolda göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC (VÖEN **********) 43.500,00 ABŞ dolları məbləğində vəsaiti 27 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 43.500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 may 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayonu, Məmmədoba kəndində fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı rayonu, Məmmədoba kəndində fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-nin direktoru X2 tərəfindən məhkəməyə 43.500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməsini təsdiq edən gömrük bəyənnamələri təqdim edilmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin və inzibati xəta haqqında ptorokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC ilə “X4 Limited” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, 450000 ABŞ dolları məbləğində malların alğı-satqısı barədə müqavilə imzlaanmışdır. 27 may 2021-ci il tarixli ödəniş sənədindən görünür ki, Şəxs MMC (VÖEN **********) direktoru X2 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara 43.500,00 ABŞ dolları idxal olunan mallara görə ödəniş edilməsi bəyan edilməmişdir. 16 may 2021-ci il tarixli gömrük bəyyanaməsinə əsasən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçmədən, yəni 16 may 2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, P20210418 saylı müqaviləyə əsasən 28.200,00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. 16 iyul 2021-ci il tarixli gömrük bəyyanaməsinə əsasən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçmədən, yəni 16 iyul 2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, P20210418 saylı müqaviləyə əsasən 23.403,00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları» nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və məhkəməyə təqdim edilmiş gömrük bəyyanamələrini nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir kiŞəxs MMC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC hesabından Azərbaycan Respublikasından kənara 43.500 ABŞ dolları ödəniş edilmiş və ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçmədən, yəni 16 may 2021-ci tarixdə 28200 ABŞ dolları,xx.xx.2021-ci il tarixdə 23403 ABŞ dolları məbləğində vəsait hesabına alınan məhsul ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 43.500,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçmədən, yəni 16 may 2021-ci tarixdə 28200 ABŞ dolları,xx.xx.2021-ci il tarixdə 23403 ABŞ dolları məbləğində vəsait hesabına alınan məhsulların ölkəyə idxal edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-931/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-931/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver