Məhkəmə qərarları › İş №3(050)-933/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-933/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-933/2025 11.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1989-cu ildə Lənkəran rayonu, Hirkan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində BDYPİ-nin YPX-nin alayının 726 saylı statsionar postunda uca səslə ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun sərnişini olduğu avtomobili polis əməkdaşları saxlamışlar və sürücünü posta aparmışlar. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları gəlib avtomobili işə salıb avtomobili postun binasının yanına aparmışlar. Daha sonra ona avtomobildən düşməsini bildirmişlər və onu postun binasına dəvət etmişlər. Oda etiraz etməmişdir. Sonra inzibati binaya daxil olmuş və onu rəisin otağına aparmışlar. Orada üzərində nə olduğunu soruşmuşlar, oda üzərində ona siqaret giləsinin içinə doldurulmuş narkotik vasitə nəhşə olduğunu bildirmişdir. Bundan sonra əlini qandallayıb onu döymüşlər və daha sonra otaqdan çıxarmışlar. Daha sonra video kameranı qoşmuşlar oda bir neçə nəlayiq ifadə işlətmişdir. Lakin polis əməkdaşlarına heç bir nalayiq ifadə işlətməmiş və müqavimət göstərməmişdir. Daha sonra yenidən onu vurmuşlar. Xərçəng xəstəliyi ilə bağlı 2-ci qrup əlildir, aylıq 220 manat müavinət alır. Məhkəmədən barəsində cərimə cəzasının tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə saat təqribən 16:30 radələrində BDYP-nin YPX-alayının 726 saylı statisionar postunda BDYP-nin YPX-alayının inspektoru polis baş serjantı Ramil Tapdıqovla birlikdə xidmətdə olan zaman Ələt Astara yolunun 143-cü km-də yerləşən statisionar postundan Ələt istiqamətində hərəkətdə olan Vaz 2107 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinin təhlükəsizlik kəmərini bağlamadığı üçün ona saxla əmri vermişlər. Avtomobil dayandıqdan sonra ona yaxınlaşıb özlərini təqdim edərək, törətdiyi qayda pozuntusnu izah etmişdir. Həmin avtomobilin sürücüsünün şübhə doğurduğu üçün sürücüdən spirtli içki və ya spixotrop maddə qəbul edib etmədiyini soruşmuş, sürücü spirtli içki içmədiyini narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra onlar sürücünü həkim müayinəsinə dəvət etmişlər. Sürücü müayinədən imtina etmişdir. Həmin avtomobildə sərnişin qismində olan adını sonradan bildiyi Lənkəran rayonu Hirkan qəsəbə sakini Şəxs maşından düşərək posta yaxınlaşaraq onlarla mübahisə etməyə başladı, onun və posta xidmət aparan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirərək onların xidməti iş fəaliyyətini pozmaqla küçə söyüşlərindən istifadə etməklə təhqir etmişdir. Sonradan Ramin müəllimin otağına aparmışlar, vətəndaş oradada hərəkətlərinə davam etmişdir. Odur ki, şəxsin barəsində inzibati tədbir görülməsindən ötrü onu Masallı RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Ramil Mirzəyev tərəfindən 11 aprel 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eləktron məhkəmə sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci qrup əlildir və əlilliklə bağlı 220 manat müvinət alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun ikinci dərəcəli əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar