Məhkəmə qərarları › İş №3(050)-960/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-960/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-960/2025 21.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Boradigah qəsəbəsi, M.F.Axundov küçəsi ev 24-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1403/2018 saylı icra sənədinə əsasən Şəxs 7400 manat pul, hüquqi nyardıma görə 100 manat və 30 manat dövlət rüsumu alınaraq X2 verilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1403/2018 saylı icra sənədi 29 iyul 2019-cu il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Hazırda icra sənədi üzrə borclunun 3400 manat məbləğində ödənilməmiş borcu qalmışdır. X1 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, tutularaq icra şöbəsinə gətirilməsi təmin edildikdən sonra barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Borclu icra sənədi üzrə borcun tam şəkildə tələbkara ödənilməsi ilə bağlı məhkəmədən vaxt istəməsinə baxmayaraq, vədinə əməl etməyərək tələbkara heç bir borc ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1403/2018 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Nəticədə icra sənədi üzrə 3400 manat ödənilməmiş borcu yaranmışdır. Məhkəmə işə baxllarkən tələbkara olan borcun ödənilməsini təmin etmək üçün vaxt istəsə də, lakin qeyd edilən müddət ərzində borcunu tələbkara ödəyə bilməmişdir. Hazırda 3400 manat məbləğində borcunu tələbkara ödəmək iqtidarında deyildir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1403/2018 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs uzun müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Borclu məhkəmə iclasında gələcəkdə borcu qaytaracağı ilə bağlı yalnız sözlü olaraq vədlər vermişdir. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hazırda yol verdiyi əməldən peşman olmamasını, məhkəmə iclasında qətnaməni icra edəcəyi ilə bağlı inandırıcı əsasları məhkəməyə bildirməməsini, əməlini yüngülləşdirən halların olmamasını əsas götürərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün hədləri daxilində cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 21 aprel 2025-ci il tarixdən saat 13: 10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar