Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-981/2024 20.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin sahə polis rəisi Əbülfəzli Cəlal Malik oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fəttayev Müşfiq Mehdi oğlunun iştirakları ilə, 03 fevral 1973-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, H.Aslanov küçəsi ev 21, mənzil 12-də qeydiyyatda olan və yaşayan, Fəttayev Müşfiq Mehdi oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Fəttayev Müşfiq Mehdi oğlu 21 aprel 2024-cü il tarixdə qanunla qadağan edilmiş şəxsi istehlak miqdarından az 1,936 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin sahə polis rəisi Əbülfəzli Cəlal Malik oğlu izahatında göstərdi ki, 21.04.2024-cü il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Fəttayev Müşfiq Mehdi oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində ümumi təmiz çəkisi 1,936 qram təşkil edən olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Material üzrə RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Ağazadə tərəfindən araşdırma aparılmış və istintaq aidiyyəti üzrə göndərildikdən sonra İB-nin baş müstəntiqi İqbal Rəhimlinin icraatına daxil olmuşdur. İB-nin baş müstəntiqi İqbal Rəhimli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Fəttayev Müşfiq Mehdi oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surətinin Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fəttayev Müşfiq Mehdi oğlu özünü təqsirli bilərək, bildirdi ki, 21.04.2024-cü il tarixdə təxminən saat 17:30 radələrində Masallı rayonu, ərazisində piyada hərəkətdə olduğu zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq, onu narkotik vasitə istifadə etməsində şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı təmin edilməklə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bununla bağlı qeyd edir ki, 20.04.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 70 manat pul müqabilində narkotik vasitə almışdır. O, da həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın cibində gizlətmiş və sonra Masallı şəhər ərazisinə qayıtmışdır. 21.04.2024-cü il tarixdə o, dostu Məlikov Şəmsəddin Vaqif oğlu ilə Masallı şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə görüşmüş və söhbət əsnasında Şəmsəddin Məlikova Qumbaşı kəndi ərazisindən narkotik vasitə qurudulmuş marixuana əldə etdiyini bildirmişdir. Şəmsəddin Məlikov da həmin narkotik vasitənin bir hissəsini istifadə etmək üçün verməyini xahiş etmiş və o da kibrit qutusunda olan narkotik vasitənin bir hissəsini Şəmsəddin Məlikova əvvəssiz olaraq pay vermişdir. Etdiyi əməldən peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə 16 may 2024-cü il tarixli qərardan görünür ki, Fəttayev Müşfiq Mehdioğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir; Məhkəmə Ekpsertiza Mərkəzinin Lənkəran regional Bölməsinin 22.04.2024-cü il tarixli 19/344 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Fəttayev Müşfiq Mehdi oğlunun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd büküm qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi - 1,936 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,936 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,886 qramdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın nəticələrinə dair 23.04.2024-cü il tarixli, 374 saylı rəyindən görünür ki, müayinə zamanı Fəttayev Müşfiq Mehdi oğlunda kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materillarında olan şübhəli şəxsin tutulması haqqında və tutulmuş şəxsin buraxılması haqqında qərarlardan görünür ki, Fəttayev Müşfiq Mehdi oğlu 21 aprel 2024cü il tarixdə tutulmuş və 23.04.2024-cü il tarixdə tutulmadan azad edilmişdir. 20.05.2024-cü il tarixli, MN 1945063 saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Fəttayev Müşfiq Mehdi oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Fəttayev Müşfiq Mehdi oğlunun əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Fəttayev Müşfiq Mehdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Fəttayev Müşfiq Mehdi oğlu ərazi narkoloji kabinetində 2022ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,886 qram narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq edilmədiyi qeyd edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Fəttayev Müşfiq Mehdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Fəttayev Müşfiq Mehdi oğlunun inzibati qaydada tutulduğu müddət ona təyin ediləcək cərimə cəzası zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117 və 156-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Fəttayev Müşfiq Mehdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Fəttayev Müşfiq Mehdi oğlu barəsində ərazi narkoloji kabinetində 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınaraq, narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul dövlət hesabına aid edilsin. Fəttayev Müşfiq Mehdi oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,886 qram narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-981/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-981/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver