Məhkəmə qərarları › İş №3(050)-983/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-983/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-983/2024 09.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 16 may 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09 avqust 2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Masallı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(050)-983/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 750 manat cərimə tənbehi ilə tənbeh edilmişdir. Həmin qərardan narazı qalan Şəxs apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-342/2024 saylı qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsi hakiminin Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə olan xx.xx.2024-cü il tarixli 3(050)-983/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Masallı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu Ərkivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü ıl tarixdə saat 16 radələrində yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində idarə etdiyi özünə məxsus olan “Toyota” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəsəbədə yerləşən bərbərxananın yanında saxlamış, özü də bərbərxanada saçını kəsdirməyə getmişdir. Həmin vaxt azyaşlı uşaqları da maşında olmuşdur. Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs özünə məxsus olan “Mercedes” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun orta hissəsində saxlamışdır. Onun bu hərəkəti ilə yolun hərəkət hissəsində məhdudiyyət olmuş və narazlıqlar yaranmışdır. Ərazidə olan şəxslər Eminağadan avtomobilini yolun hərəkətdə olan hissəsindən çıxartmağı xahiş etsələr də, məhəl qoymamış və bildirmişdir ki, o, yəni Atabəy maşını yol kənarından çəkməyincə o, da maşınını yol kənarından çəkməyəcəkdir. Bundan sonra Şəxs onun üzərinə hücum çəkərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirmiş və söyüş söyməyə başlamışlar. Daha sonra Eminağa ona məxsus olan avtomobilin sağ padnoşka və bufer hissəsinə dəmir parçası ilə vuraraq ,ona məxsus olan avtomobili yararsız hala salmışdır. Aralarında yaranmış mübahisə 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı avtomobilinə 750 manat madddi ziyan dəymişdir. Hadisə vaxtı ərazidə 70-80 nəfər adam olsa da onların heç biri məhkəmədə şahid qismində dindirilmələrini istəmir.Hətta həmin şəxslər arasında qonşuları da vardır. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayon Ərkivan qəsəbəsində qeydiyyatda olsa da Bakı şəhərində yaşayır. xx.xx.2023-cü il tarixdə Ərkivan qəsəbəsi Ramazanlı küçəsində evinin yaxınlığında yolun ehtiyat hissəsində maşınını saxlayaraq, bərbərxanada saçını kəsdirməyə görə bərbərxanaya daxil olmuş, lakin adam çox olduğu üçün bir qədər gözləməli olmuşdur. Həmin vaxt şəhərdən gəldiyi üçün evinə zəng etmişdir. Anası ilə telefonla danışarkən Zərərçəkmiş şəxs maşınını onun maşınının arxasında saxlayaraq, ona qarşı “küçük” burda maşın saxlayarlar ifadəsini işlətmişdir. O, Zərərçəkmiş şəxs danışığına fikir verməyini tələb etdiyindən aralarında mübahisə düşmüş, ətrafdakı adamlar onları ayırmışlar. Onların mübahisələri bununla da başa çatmışdır. Sonradan ona məlum olmuşdur ki, bu adam sonradan özünə və avtomobilinə xəsarət yetirərək, ondan əsassız olaraq şikayət etmişdir. Bu barədə Masallı Rayon Polis Şöbəsində araşdırma aparılmış, onun izahatı alınmış və rədd qərarı qəbul edilmişdir. O, nə Atabəyə xəsarət yetirmiş, nədə ki, onun maşına ziyan vurmuşdur. Bundan başqa hadisəni görən şəxslərdən məhkəmə iclasında şahid qismində çıxış etmələrini xahiş etsə də onlar məhkəmə iclasında iştirak etməkdən boyun qaçırmışlar. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 16 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09 avqust 2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs məxsus “Toyota” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurduğuna görə Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Rac Səfərov tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 04 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi və İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğu üçün, həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Boradigah PB-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. 04 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Masallı şəhəri, Nurlan Avtoservis MMC-nin direktoru F.Şəbiyevin təqdim etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyan məbləğinin hesablanmasına dair arayışa əsasən “Toyota” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ padnoşka zbor bir ədəd 350 manat, qabaq banperin bərpası qiyməti dəmirçi işi 150 manat, rəngsaz işi 250 manat qiymətləndirilmişdir. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Şəxs tərəfindən maşınına ziyan yetirildiyini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. O, məhkəmə iclasında mübahisə baş verən ərazidə 70-80 nəfər şəxslərin olmasını həmin şəxslərin bəziləri onun qonşusu olmasını qeyd etsə də həmin şəxslərin adlarını çəkməmiş və məhkəmə iclasında iştiraklarının təmin edilməsinə cəhd göstərməmişdir. Eləcə də işdə Zərərçəkmiş şəxs məxsus avtomobilə vurulmuş ziyan məbləğinin hesablanmasına dair arayışın olması da bu vəziyyəti dəyişmir. Belə ki, bu ziyan tamamilə başqa vaxtda və başqa şəraitdə və ya başqa şəxs tərəfindən yetirilə bilərdi. Bundan başqa məhkəmə Şəxs təqsirsizliyi ilə bağlı məhkəməyə şahid gətirə bilməməsinə münasibət bildirərək qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxs həqiqətən də Zərərçəkmiş şəxs əmlakını zədələməsinə dair şübhələr var, həmin şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barəsində gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar