Məhkəmə qərarları › İş №3(050)-993/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-993/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-993/2023 03.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət verən şəxs X1, qərarından şikayət verilmiş şəxs Masallı RPŞ-in DYPB-nin YPX baş inspektoru, polis baş leytetnantı X2 iştirakları ilə, X1 Masallı RPŞ-nin DYPB-nin 14 iyun 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə şikayətlə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin 14 iyun 2023cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 14 iyun 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi qeyd edilmişdir. Halbuki, qərarda istinad edilən protokolda İXM-nin 332.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilsə də, konkret olaraq hansı əməli törətməsi göstərilməmişdir. Bundan başqa, qərarda hadisənin 09 iyun saat 12:18 olması qeyd edilmişdir. Halbuki, yol polisi onu həmin gün saat 10:23-də saxlamışdır. O, işıqforun qadağanedici işarəsində hərəkət etməmişdir. Hətta onun hərəkətindən sonra da “Volqa” və “Mercedes” markalı avtomobillər də keçmiş, işıqforun qırmızı işığı bundan sonra yanmışdır. Həmin yerdə olan «OBA» marketin kameralarında bu görüntülər əks olunmuşdur. Bütün bunlar əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması barədə yanlış nəticə gəlinməsini göstərir. Bundan başqa, barəsində protokol tərtib edilərkən hüquqları izah edilməmiş, protokolla tanış olmasına, ona qeydlər verməsinə şərait yaradılmamış, protokolun surəti ona verilməmiş, barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarının və İXM-nin tələblərinin pol polisi tərəfindən pozulmasını göstərir. Heç bir inzibati pozuntuya yol vermədiyi halda, inzibati qaydada cərimə edilməsi hesab edir ki, qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmasıdır. Halbuki, göstərilən hallar İXMnin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şikayət verən şəxs şikayətdə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, avtomobildə tək olmuşdur. Nəqliyyat vasitəsi bibisinə məxsusdur. Bibisini xəstəxanaya gətirmiş, su lazım olmuş və nəqliyyat vasitəsini idarə edərək su almağa getmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Masallı RPŞ-in DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:18 radələrində Masallı şəhəri, Qurtuluş küçəsində xidmətdə olduğu zaman “VAZ 21060” markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıqforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsinı görüb ona saxlama işarəsi vermiş, nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşıb özünü təqdim etmiş, sürücüyə avtomaşının sənədlərini təqdim etməsini bildirmiş, məlum olmuşdur ki, sürücü Qaməddin Qasımov nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməklə işıqforun qadağanedcisi işığına məhəl qoymadan hərəkətini davam etdirməklə digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmışdır. Bu səbəbdən Qaməddin Qasımov barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* sayı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən X4 xx.xx.2023cü il tarixli, TP5792101 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qaməddin Qasımovun inzibati xəta törətməsini təsdiq edən sübut - video görüntü var. Protokolu istəməsi vətəndaşdan soruşulmuş, o, isə maddi imkanı olmadığı üçün protokol tərtib edilməsinə etiraz edərək, çıxıb getmişdir. Bu səbəbdən protokol ona təqdim edilməmişdir. Sonda V.Y.Nağıyev şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət verən şəxsin və qərarından şikayət verilən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 12:18-də “VAZ 21060” minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməklə işıqforun qadağanedcisi işarəsi verilərkən hərəkətini davam etdirdyindən barəsində Masallı RPŞ-nin YPX-nin baş inspektoru, polis baş leytenantı X6 tərəfində Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimtənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1 və 134.1.4-cü maddələrinə əsasən iİnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən CD diskə proses iştirakçıları ilə barəbar baxış keçirlmiş, məlum olmuşdur ki, “VAZ 21060” minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 avtomaşınla yol ayrıcına daxil olarkən onun hərəkət istiqamətində işıqforun yaşıl işığı yanılı vəziyyətdə olmuşdur, yəni sürücü işıqforun qadağanedcisi işarəsində hərəkətini davam etdirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibi olmadığından şikayət təmin edilməli, 14 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata İXM-nin 327.2ci maddəsi üzrə xitam verilməli, İXM-nin 332.1-ci maddəsi üzrə iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. 14 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi üzrə işin yenidən baxılması üçün qərarın surəti səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar