Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-994/2024 21.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İbayev Bəhruz Məhəmməd oğlunun, Tələbkar Əliyeva Aynurə Vahid qızının , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahverdiyev Rasim Yəhya oğlunun iştirakları ilə, 12.03.1979-cü ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan, Şahverdiyev Rasim Yəhya oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-4787/2016 saylı, 19 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən 22.01.2002-ci ildə doğulmuş Əliyeva Arzu Rasim qızı, 05.10.2003-cü ildə doğulmuş Şahverdiyevə Aynur Rasim qızı və 27.03.2006-cı ildə doğulmuş Şahverdiyeva Tamella Rasim qızının yanında saxlanılmaları üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 70 manat cəmi 210 manat sabit pul məbləğində aliment Şahverdiyev Rasim Yəhya oğlundan alınaraq Əliyeva Aynurə Vahid qızına ödənilməlidir. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-79/2020 saylı, 12 mart 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şahverdiyev Rasim Yəhya oğlundan 15137,80 manat və dövlət rüsumuna ödənilmiş 30 manat alınaraq iddiaçı Əliyev Vahid Musa oğluna ödənilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-1872/2023 saylı, 05.06.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şahverdiyev Rasim Yəhya oğlundan Masallı rayon məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli, 2(050)-4787/2016 saylı, qətnaməsi ilə 27 mart 2006-cı ildə doğulmuş Şahverdiyeva Tamella Rasim qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 220 manat müəyyən edilərək iddiaçı Əliyeva Aynurə Vahid qızına verilməlidir. Borclu icra sənədləri üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şahverdiyev Rasim Yəhya oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İbayev Bəhruz Məhəmməd oğlu məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)- 4787/2016 saylı, 19.10.2016-cı il tarixli, 2(050)-1872/2023 saylı, 05.06.2023-cü il tarixli icra sənədlərinə əsasən Şahverdiyev Rasim Yəhya oğlunun 5940 manat, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-79/2020 saylı, 12 mart 2020-ci il tarixli icra sənədinə əsasən isə 15167,80 manat borcu var. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmişdir. Alimentlə bağlı icra sənədlərinə münasibətdə hər ay borclunun əmək haqqından 245 manat tutulduğu halda digər icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Qeyd edilən icra sənədləri tam icra edilmədiyi səbəbindən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şahverdiyev Rasim Yəhya oğlu izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)- 4787/2016 saylı, 19.10.2016-cı il tarixli, 2(050)-1872/2023-006 saylı, 05.06.2023-ci il tarixli və 2(050)-79/2020 saylı, 12 mart 2020-ci il tarixli icra sənədlərindən məlumatlıdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda “Azərişıq” LTD-də çalışır, aylıq 345 manat əmək haqqı alır. Hər ay əmək haqqından 245 manat alimentlə bağlı icra sənədlərinə münasibətdə tutularaq tələbkar Aynurə Əliyevanın bank hesabına köçürülür. Digər yəni borc tələbi ilə bağlı icra sənədinə münasibətdə isə heç bir ödəniş etməmişdir.Borcunu vaxt ona veriləcəyi təqdirdə hissə-hissə ödəyəcəkdir.Əvvəllər icra sənədləri üzrə yaranmış öhdəliyi icra etmədiyi üçün inzibati qaydada və cinayət məsuliyyətinə cəlb edilmişdir.Rəsmi olaraq işlədiyini, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilərsə iş yerinin itirmək ehtimalının olmasını, habelə himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Əliyeva Aynurə Vahid qızı izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şahverdiyev Rasim Yəhya oğludan alimentlə bağlı icra sənədləri üzrə hər ay əmək haqqından 245 manat pul tutulur, digər yəni borc tələbi ilə bağlı icra sənədinə münasibətdə isə indiyədək heç bir ödəniş etməmişdir. Borclu ilə birgə nikahlarından 3 övladları olmuş, həmin uşaqların ikisinin görmə qabiliyyəti məhduddur və onların müalicəsinə görə də xərc tələb olunur.Özü Bakı şəhərində övladları birlikdə kirayədə yaşayır. Dolanışığı çətindir. Borclu əvvəllər icra sənədləri üzrə yaranmış öhdəliyi icra etmədiyi üçün inzibati qaydada və cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin icra sənədini hələ də tam şəkildə icra etmir. Düşünür ki, borclunun barəsində inzbati həbs tənbeh tədbiri tətbiq ediləcəyi təqdirdə o borcunu tam olaraq ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq borcun ödənilməsini, əks təqdirdə borclunun həbs olunmasını xahiş etdi. 13.12.2016-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 19.10.2016-cı il tarixli, 2(050)-4787/2016 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 08.08.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 05.06.2023cü il tarixli, 2(050)-1872/2023 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 08.02.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 12.03.2020ci il tarixli, 2(050)-79/2020 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. Masallı Rayon Məhkəməsinin 03.09.2020-cü il tarixli, 3(050)-632/2020 nömrəli qərarından görünür ki, Şahverdiyev Rasim Yəhya oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin 27.12.2021-cü il tarixli, 3(050)-1098/2021 nömrəli qərarından görünür ki, Şahverdiyev Rasim Yəhya oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Masallı Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli, 1(050)-58/2021 nömrəli hökmündən görünür ki, Şahverdiyev Rasim Yəhya oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 21 may 2024-cü il tarixli, MN seriyalı, 1748349 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahverdiyev Rasim Yəhya oğlu Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-4787/2016 saylı, 19.10.2016-cı il tarixli, 2(050)-1872/2023-006 saylı, 05.06.2023-ci il tarixli, 2(050)-79/2020 saylı, 12 mart 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar yaranmış borcunu tələbkarlar, Əliyeva Aynur Vahid qızına və Əliyev Vahid Musa oğluna tam şəkildə ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şahverdiyev Rasim Yəhya oğlu icra sənədləri üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-4787/2016 saylı, 19.10.2016-cı il tarixli, Masallı Rayon Məhkəməsinin 2(050)-1872/2023 saylı, 05.06.2023cü il tarixli, Masallı Rayon Məhkəməsinin 2(050)-79/2020 saylı, 12 mart 2020-ci il tarixli icra sənədləri icrasını təmin etməmişdir. Bununla da, Şahverdiyev Rasim Yəhya oğlu qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şahverdiyev Rasim Yəhya oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa məhkəmə Şahverdiyev Rasim Yəhya oğlu barəsində inzibati tənbeh tətbiq edərkən əvvəllər icra sənədləri üzrə öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün barəsində inzibati qaydada həbs tənbehi və cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şahverdiyev Rasim Yəhya oğlunun əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şahverdiyev Rasim Yəhya oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, o cümlədən onun əvvəllər icra sənədləri üzrə öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün barəsində inzibati qaydada həbs tənbeh tədbiri seçilməsi və cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, indiyədək icra sənədini üzrsüz səbəbdən icra etmədiyini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şahverdiyev Rasim Yəhya oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 21 may 2024-cü il tarixdən saat 14:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şahverdiyev Rasim Yəhya oğlu Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-994/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-994/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver