Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1023/2023 29.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981–ci il tarixdə Ermənistan, Masız rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhəri, Nəriman Nərimanov pr. ev 30/1, mənzil 35-də yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 442-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 442-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı oz izahatında bildirdi ki, 29 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində Puşkin küçəsində polis əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin piştaxtanın altında gizlin şəkildə satışı qadağan olunmuş pirotexniki vasitələrin satışını etdiyini aşkar etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs onlara tabesizlik göstərib qanuni tələblərinə məhəl qoymamışdır, odur ki, onlar həmin şəxsi Mingəçevir ŞPŞ-yə gətirmişlər, polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Şəxs Saday oğludur. Odur ki, məhkəmədən müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, o, bazrda kolbasa satır, o, pirotexniki vasitələri səyyar şəkildə əl sellofanında satışını həyata keçirən zaman, yəni 29 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində polis əməkdaşları ona yaxınlaşaraq həmin vasitələrin satışının qadağan olduğunu bildirdilər, həmçinin onu polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Polis əməkdaşlarının ilk tələbi ilə polis avtomobilinə əyləşərək polis şöbəsinə getmişdir. Nəzərə çatdırmaq istəyir ki, əməlindən peşmandır, maddi durumu ağır olduğu üçün pirotexniki vasitələrin satışını həyata keçirmişdir, həmçinin elə zənn etmişdir ki, satışını həyata keçirdiyi pirotexniki vasitələrin miqdarı az olduğu üçün hər hansı bir məsuliyyəti yaranmayacaqdır. Odur ki, izahatında göstərilənləri nəzərə alıb ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə edilmiş xx.xx.2029-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2023-cü il tarixdə kolxoz bazarında satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Beləliklə Şəxs İXM-in 535.1 və 442-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2029-cu il tarixli, MN ******* saylı İnzibati xəta haqqında işin aidiyyətı üzrə göndərilməsi barədə qərardaddan görünür ki , Şəxs barəsində tərtib edilmiş xx.xx.2029-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş inzibati xətanın törədilməsində aşkar olunmuş əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli inzibati xətanın törədilməsində aşkar olunmuş əşyaların götürülməsi barədə protokoldan görünür ki, Şəxs 29 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində kolxoz bazarında satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olması aşkar edilərək Şəxs iştirakı ilə Mingəçevir ŞPŞ-da maddi sübut kimi saxlanılması üçün təhvil götürmüşlər. Təhvil götürülmüş pirotexniki əşyalar bunlardır: 1)super juki 28 ədəd istifadə olunmamış maddə, 2) EK6207 adlı pirotexniki maddə 28 ədəd,3) ZENQA adlı pirotexniki maddə 11 ədəd, 4) PETRADS markalı pirotexniki maddə 2 qutu, 5) BİG TRİANGLE cracker 1 qutu, 6) SİLVER CRACKER 1 qutu, 32 ədəd, 7)CE 1395 18 ədəd, 8) 15 ədəd üzərində yazı olmayan bənövşəyi rəngli partlayıcı. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 29 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində kolxoz bazarında satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olması aşkar olunmuşdur. Beləliklə Şəxs İXM-in 442-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ancaq inzibati xətanı törədən zaman, polisin qanuni tələbinə tabe olmamasını sübut edən hallar yoxdur. Göründüyü kimi bu xətanın mövcudluğunu təsdiq edən hər hansı əsaslı sübut və şahid ifadələri də işə əlavə olunmamışdır, həm də məhkəmə iclasına şahid gətirilməmişdir. Beləliklə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta üzrə icraatı başlatmağa əsas verən hallar öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 442-ci maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi məhkəmə bu maddə üzrə inzibati xəta hadisəsinin mövcud olmasını sübut edən hallar barədə iş materiallarında kifayət qədər sübutlar olmadığından və ya məhkəməyə təqdim edilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati Xətalar Məcəlləsinin 442-cı maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs satışı qadağan edilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-cı maddəsi ilə təqsirli bilinməli, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə barəsində sanksiyasının hədləri daxilində 350 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə