Məhkəmə qərarları › İş №3(051)-103/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-103/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-103/2021 13.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx xxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 mənzil 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Şəxs xx xxxxxx 2021-ci il tarixdə Mingəçevir şəhərinin Samux küçəsində gəzərək karantin rejimi qaydalarını pozmuşdur. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci ildə saat 00:00 radələrində Samux küçəsində icazə olmadan gəzərək karantin rejim qaydalarını pozmuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq ölkə üzrə xüsusi karantin rejiminin olduğunu bildirib, onlardan evə getmələrini tələb etmişlər. Lakin, polis əməkdaşlarının bu tələblərinə məhəl qoymamışdır. Bu zaman polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. İnzibati xəta haqqında işə əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 03 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə tibbi müayinədən keçmiş və onun orta dərəcədə sərxoş olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələbinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 15:30-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar