Məhkəmə qərarları › İş №3(051)-12/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-12/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-12/2023 30.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X4 Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs Zərərçəkmiş şəxslər X5 və X3 iştirakı ilə xx.xx.1980–ci il tarixdə Ağdam rayonu, Qarazeynallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, Ağdam rayonu, Qarazeynallı kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X7 məxsus 150 manat dəyərində 26-lıq bir ədəd “SAFT” markalı velosipedi oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X2 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində xeyir-şər mağarının içərisinə daxil olaraq bir ədəd 80 manat dəyərində 24-lük “mondishi” markalı velosipedi oğurlamaqla, xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol üzrə X6 məxsus Mingəçevir şəhər, A.Məmmədov küçəsi ev 16, mənzil 11-də bir ədəd 29-luq “sport” markalı 90 manat dəyərində 29-lıq velosipedi oğurlamaqla, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X6 məxsus Mingəçevir şəhər, A.Məmmədov küçəsi ev 16, mənzil 11-də bir ədəd 29-luq “sport” markalı 90 manat dəyərində 29-lıq velosipedi oğurlayaraq sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs X2 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospektində xeyir-şər mağarının içərisinə daxil olaraq bir ədəd 80 manat dəyərində 24-lük “mondishi” markalı velosipedi və X7 məxsus 150 manat dəyərində 26-lıq bir ədəd “SAFT” markalı velosipedi oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında maddi vəziyyətinin çətin olduğundan və ehtiyacı olduğundan inzibati xətaları törətdiyini, peşman olduğunu səmimi etiraf etdi və bir də belə bir hərəkətə yol verməyəcəyinə söz verdi. Zərərçəkmişlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblər barədə məhkəməyə məlumat verməmişlər. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-867/2022 saylı qərardadından görünür ki, iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-242/2023 saylı mütəxəssis rəyindən görünür ki, Bir ədəd 26-lıq “Saft” markalı velosipedin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 200 manat, bir ədəd 29-luq “Sport” markalı velosipedin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 180 manat, bir ədəd 24-lük “Mondishi” markalı velosipedin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 150 manat olaraq qiymətləndirilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən törədilmiş üç epizoddan ibarət əməllər bir il ərzində təkrar törədilmiş (iş üzrə birinci əməl xx.xx.2022-ci il tarixdə, ikinci əməl isə xx.xx.2022-ci il tarixdə, üçüncü əməl xx.xx.2022-ci il tarixdə törədilmiş), həmin əməllərin hər üç epizodu üzrə zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə (birinci əməl üzrə 180 manat, ikinci əməl üzrə 200 manat və üçüncü əməl üzrə 150 manat) maddi ziyan vurulmuşdur. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2018-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2022-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, müəyyən edildi ki, oğurluq hadisələri hər üçü son 1 il ərzində baş verdiyindən heç biri üzrə inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Hər üç epizod üzrə dəymiş zərərlərin məbləğləri yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2011-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinə və həmçinin məlumat üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə sübutların qiymətləndirilməsi zamanı çəkilmiş 100 manat ekspertiza tədqiqatının dəyəri dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. İş üzrə sübutların qiymətləndirilməsi zamanı çəkilmiş 100 manat ekspertiza tədqiqatının dəyəri "xxxx" MMC-nin xeyrinə dövlət hesabına ödənilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinə və həmçinin məlumat üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar