Məhkəmə qərarları › İş №3(051)-122/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-122/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-122/2021 15.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin İcra məmuru X2 və Şəxs iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Zərdab rayonu, Şahsünlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 30 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş 160 saat ictimai işlər cəzasına cəlb olunması haqqında Mingəçevir şəhər Məhkəməsinin 3(051)-336/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-336/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına cəlb edilmişdir. Cəzanı icra etməkdən imtina etmir. Artıq təhkim olunduğu iş yeri üzrə qeydiyyata düşmüşdür. Ona görə də barəsində olan inzibati iş materiallarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və probasiya şöbəsinin İcra məmuru X2 göstərmişdir ki, Məmmədov X1 şəhər Məhkəməsinin 3(051)-336/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına cəlb edilmişdir. Şəxs təyin olunmuş cəzanı icra etməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Lakin məhkəməyə verildikdən sonra qeydiyyata durmuş və təyin olunmuş ictimai işlər cəzasını icra etməyə başlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən: Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə iclasında Şəxs əməlində qeyd olunan inzibati xətanın tərkibi müəyyən olunmadı. Belə ki, Şəxs hərəkətləri ilə onun sözügedən inzibati xətanın tərkibinin yaranması üçün əsas ola biləcək 529-cu maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilən əsaslar mövcud deyil. Bundan əlavə onun iş yeri üzrə qeydə alındığı və ictimai işlər cəzasını icra etməyə başlaması müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Sübut etmək vəzifəsi isə inzibati protokolu tərtib edənin üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilıir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar